Ev təsərrüfatlarının uçotu əlavə vergi yaradacaq? Deputat AÇIQLADI

25.11.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

“Ev təsərrüfatlarının uçotunun elektron qaydada aparılması ilə bağlı cəmiyyətdə yaranan müzakirələri və narahatlıqları başa düşmək lazımdır. Çünki bu gün insanları düşündürən əsas məsələ məlumatların planşet vasitəsilə, yoxsa kağız üzərində toplanması deyil. Onları maraqlandıran bu məlumatların nə üçün toplandığı və gələcəkdə hansı məqsədlərlə istifadə ediləcəyidir”.

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev dedi.

Onun sözlərinə görə, vətəndaşların bir qismi düşünür ki, ailələrin torpaq sahələrinin, mal-qarasının, ev quşlarının, digər əmlak və təsərrüfat göstəricilərinin qeydə alınması gələcəkdə onların əlavə vergilərə cəlb olunmasına gətirib çıxara bilər.

“Digərləri isə narahatdır ki, bu məlumatlar sosial yardımların, güzəştlərin və digər dövlət dəstəyi mexanizmlərinin məhdudlaşdırılması üçün istifadə olunar. Bu narahatlıqları sadəcə şayiə adlandırmaqla aradan qaldırmaq mümkün deyil.

Digər tərəfdən, məsələyə obyektiv yanaşmaq lazımdır. Ev təsərrüfatlarının uçotu yeni bir proses deyil. Əvvəllər də ailələrin tərkibi, torpaq sahələri, mal-qarası, məşğulluğu və təsərrüfat fəaliyyəti barədə statistik məlumatlar toplanıb. İndi əsas yenilik bu prosesin elektronlaşdırılması və məlumatların vahid sistemdə cəmləşdirilməsidir”.

Millət vəkili dövlətin əhalinin real sosial-iqtisadi vəziyyəti haqqında dəqiq məlumatlara malik olmasının vacibliyini də vurğuladı:

“Bu məlumatlar kəndlərin inkişafı, məktəb və tibb müəssisələrinə ehtiyacın müəyyənləşdirilməsi, fermerlərə dəstək, məşğulluq proqramları və sosial siyasətin planlaşdırılması üçün faydalı ola bilər. Məsələn, hansı kənddə neçə nəfər yaşayır, neçə ailə torpaqla məşğuldur, neçə təsərrüfatın suvarma və digər ehtiyacları var – bunları bilmədən düzgün regional siyasət qurmaq çətindir.

Amma mən burada bir vacib fərq qoyardım: statistik uçotla vergi uçotu eyni şey deyil. Ailənin torpaq sahəsinin və ya mal-qarasının statistik məqsədlə qeydə alınması özlüyündə yeni vergi öhdəliyi yaratmır. Eyni zamanda, bu uçotun nəticələri sosial yardımın avtomatik dayandırılması və ya vətəndaşın mövcud güzəştlərdən məhrum edilməsi üçün əsas kimi təqdim olunmamalıdır”.

Razi Nurullayev hesab edir ki, məhz buna görə aidiyyəti dövlət qurumları ictimaiyyətə konkret və aydın cavab verməlidir:

“Hansı məlumatlar toplanacaq? Bu məlumatlardan kimlər istifadə edə biləcək? Onlar vergi orqanlarına ötürüləcəkmi? Sosial yardım alan ailələrin vəziyyətinə necə təsir göstərəcək? Vətəndaşın şəxsi məlumatlarının qorunmasına hansı təminatlar verilir?

Müsahibimizin fikrincə, ən vacib məsələ ictimai etimaddır:

“İnsanlara yalnız sistemin üstünlüklərini izah etmək kifayət deyil. Onları narahat edən suallara da açıq cavab verilməlidir. Xüsusilə sosial-iqtisadi vəziyyətin və ailələrin dolanışıq imkanlarının həssas olduğu bir dövrdə hər hansı yeni uçot mexanizmi insanlarda əlavə maliyyə yükü və ya sosial güzəştlərin itirilməsi qorxusu yaratmamalıdır.

Ona görə də bu prosesin əsas nəticəsi dövlətin daha çox məlumat əldə etməsi deyil, həmin məlumatlar əsasında vətəndaşların problemlərinin daha düzgün müəyyənləşdirilməsi və həllinə nail olunması olmalıdır.

İnsan uçota alınandan sonra onun həyatında müsbət dəyişiklik görməlidir. Əks halda, ən müasir elektron sistem belə cəmiyyətdə gözlənilən etimadı qazana bilməyəcək”.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью