Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Azərbaycanda 2027-ci ildən etibarən ev təsərrüfatlarının uçotunun ilk dəfə tam elektron qaydada, "mygov" platforması üzərindən aparılması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkənin 14 iqtisadi zonasında uçotu həyata keçirəcək şəxslər üçün təlimlərə başlanılması bu prosesə hazırlığın mühüm mərhələsidir. Yeni sistem ailələrin sosial-iqtisadi vəziyyətinin öyrənilməsinə, ehtiyacların müəyyənləşdirilməsinə və dövlət dəstəyinin daha ünvanlı təşkilinə imkan yaradacaq.
Ev təsərrüfatlarının uçotu ailələrin tərkibi, yaşayış şəraiti, məşğulluğu, gəlirləri, torpaq sahələri və fərdi təsərrüfat fəaliyyəti barədə məlumatların əldə edilməsi baxımından əhəmiyyətlidir. Uçotun elektronlaşdırılması məlumatların keyfiyyətini yüksəldəcək, dövlət informasiya sistemlərindəki mövcud məlumatlardan istifadə etməklə vətəndaşlardan eyni informasiyanın təkrar tələb olunmasını azaldacaq. Toplanan məlumatlar həmçinin demoqrafik proseslərin, məşğulluq imkanlarının və regionların sosial-iqtisadi vəziyyətinin qiymətləndirilməsinə, infrastruktur layihələrinin real tələbat əsasında planlaşdırılmasına kömək edəcək.
İqtisadçı ekspert Eyyub Kərimlinin dediyinə görə, ev təsərrüfatlarının elektron uçotu ölkənin sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu proses iqtisadi siyasətin hədəfli formalaşdırılmasına və regionların tarazlı inkişafına töhfə verəcək: "Ev təsərrüfatlarının uçotunun elektron qaydada aparılması əhalinin sosial-iqtisadi vəziyyətinin daha dəqiq müəyyənləşdirilməsinə imkan yaradacaq. Formalaşacaq məlumat bazası iqtisadi risklərin qiymətləndirilməsi, sosial siyasətin planlaşdırılması və regionların inkişaf səviyyəsinin təhlili üçün mühüm mənbə olacaq.
Hər bir regionun əmək resursları, gəlir mənbələri və iqtisadi fəallığı barədə dəqiq məlumatların əldə edilməsi yerli potensialın üzə çıxarılmasına, investisiyaların daha səmərəli istiqamətləndirilməsinə və özünüməşğulluq imkanlarının qiymətləndirilməsinə şərait yaradacaq. Nəticədə ərazilərin xüsusiyyətlərinə uyğun inkişaf proqramları hazırlamaq, regionlar arasındakı sosial-iqtisadi fərqləri azaltmaq mümkün olacaq".
Eyyub Kərimli qeyd edib ki, ev təsərrüfatlarının gəlirləri barədə dəqiq məlumatların əldə olunması sosial müavinətlərin təyin edilməsində də mühüm rol oynayacaq: "Elektron uçot ailələrin gəlir və xərcləri barədə dolğun məlumat əldə etməyə, sosial dəstəyə həqiqətən ehtiyacı olan şəxsləri müəyyənləşdirməyə imkan verəcək. Bu, ünvanlı sosial yardım və digər müavinətlərin təyin olunmasında daha obyektiv qərarların qəbuluna şərait yaradacaq. Göstəricilərin avtomatlaşdırılmış qaydada təhlili subyektiv amillərin və mümkün yanlışlıqların azalmasına da kömək edəcək".
Ekspert hesab edir ki, elektron uçot makroiqtisadi göstəricilərin daha dəqiq hesablanmasına və dövlət resurslarından səmərəli istifadəyə də imkan verəcək: "Əhalinin gəlirləri, istehlak xərcləri və məşğulluğu barədə etibarlı məlumatlar iqtisadi proseslərin obyektiv qiymətləndirilməsinə şərait yaradır. Bu, dövlət vəsaitlərinin düzgün bölüşdürülməsinə, izafi xərclərin qarşısının alınmasına və daha əsaslandırılmış sosial-iqtisadi siyasətin həyata keçirilməsinə xidmət edəcək".
İqtisadçı millət vəkili Vüqar Bayramovun sözlərinə əsasən, ev təsərrüfatlarının elektron uçot sisteminin yaradılmasında əsas məqsəd ailələrin tələbatını öyrənmək və əldə olunan məlumatlar əsasında sosial-iqtisadi siyasəti formalaşdırmaqdır: "Ev təsərrüfatlarının uçotu əvvəllər də aparılırdı. Çünki ünvanlı sosial yardım, subsidiya və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi üçün ailələrin sosial vəziyyəti, istehsal fəaliyyəti və daşınmaz əmlakı barədə məlumatlar vacib idi. Yeniliyin əsas fərqi bu məlumatların "mygov" platforması üzərindən vahid pəncərə prinsipi ilə elektronlaşdırılmasıdır. Bu, ailələrin vəziyyətinin daha operativ qiymətləndirilməsinə və sosial yardıma ehtiyacı olanların müəyyənləşdirilməsinə şərait yaradacaq".
V.Bayramov bildirib ki, elektron uçot sistemi sosial dəstəklə yanaşı, aqrar sektorda da yeni imkanlar yaradacaq. Vahid məlumat bazası kənd təsərrüfatı üzrə uçotun təkmilləşdirilməsinə, mövcud güzəştlərin əhatə dairəsinin genişləndirilməsinə və dövlət proqramlarının daha səmərəli təşkilinə töhfə verə bilər: "Sistemin elektron formada qurulması ev təsərrüfatlarının fəaliyyətinə müdaxilə məqsədi daşımır. Əsas hədəf ailələrin, xüsusilə sosial dəstəyə ehtiyacı olan təsərrüfatların vəziyyətini müəyyənləşdirmək və regional siyasəti real məlumatlar əsasında həyata keçirməkdir".
Sevinc QARAYEVA