Evdə pomidor tomatı hazırlamağın SİRRİ

09.09.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Yayın sonuna yaxın evlərdə qış tədarükü başlayır. Süfrələrin əvəzolunmaz məhsullarından olan evdə hazırlanmış pomidor tomatı isə həm dadı, həm də yeməklərə verdiyi xüsusi ləzzəti ilə seçilir.

Redaktor.az xəbər verir ki, pomidor tomatının rəngini, dadını və keyfiyyətini qorumaq üçün hazırlanma prosesində bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır.

Evdə pomidor tomatı necə hazırlanır?

İlk olaraq pomidorlar yaxşıca yuyulur və saplaqları təmizlənir. Daha sonra pomidorlar ölçüsündən asılı olaraq iki və ya dörd hissəyə bölünür.

Doğranmış pomidorlar dərin qaba yığılır və qabıqlarının ayrılması üçün bir neçə gün saxlanılır. Bu müddətdə pomidorlar vaxtaşırı taxta qaşıqla qarışdırılır.

3-4 gündən sonra pomidorlar xırda deşikli süzgəcdən keçirilərək toxumlarından və qabıqlarından ayrılır. Beləliklə, qırmızı pomidor püresi əldə edilir.

Daha sonra püredəki artıq su tənzif və ya parça torba vasitəsilə süzülür. Alınan püreyə bir qədər duz əlavə edilir və geniş qaba tökülərək günəş altında qurudulur.

Günəş altında qurudulan pomidor tomatının üzəri nazik tənziflə örtülür və vaxtaşırı taxta qaşıqla qarışdırılır. Təxminən bir həftə ərzində tomat istifadəyə hazır vəziyyətə gəlir.

Günəş altında qurudulması mümkün olmadıqda isə pomidor püresi qazana tökülərək duz əlavə edilməklə qaynadıla bilər. Bişirmə zamanı dibinin tutmaması üçün tomatı davamlı qarışdırmaq lazımdır.

Pomidor tomatı necə saxlanılmalıdır?

Tomatın uzun müddət təzə qalması və kiflənməməsi üçün düzgün saxlama şəraitinə diqqət etmək vacibdir. Hazır məhsulun şüşə bankalarda saxlanılması məsləhət görülür.

Tomatın üzərini tam örtəcək şəkildə nazik zeytun yağı təbəqəsi əlavə etmək onun hava ilə təmasını azaltmağa və daha uzun müddət qorunmasına kömək edə bilər.

Məhsul açıldıqdan sonra onun harada və necə saxlanılması isə konkret məhsulun xüsusiyyətlərindən asılıdır. Buna görə qablaşdırmanın üzərində göstərilən saxlama qaydalarına əməl etmək lazımdır.

Tomat hazırlayarkən hansı səhvlərdən qaçmaq lazımdır?

Pomidorun qırmızı rəngini verən likopen həssas maddədir. Buna görə pomidorları həddindən artıq günəş altında saxlamaq tomatın rənginin dəyişməsinə səbəb ola bilər.

Pomidorları günəş altında qurutmaq üçün səhər saat 09:00-11:00 və günorta saat 15:00-17:00 aralığından istifadə etmək tövsiyə olunur. Tomat hazırlayarkən istifadə olunan qaşığa da diqqət yetirmək lazımdır. Metal qaşıq əvəzinə qaynar suya salınmış taxta qaşıqdan istifadə etmək daha məqsədəuyğundur.

Bundan başqa, tomat üçün sulu pomidorlardan istifadə etmək məsləhətdir. Qalın qabıqlı pomidorlardan tomat hazırlamaq daha çətin olur. Bibər tomatı hazırlayarkən isə bibərlərin saplaq və toxumlarının yaxşı təmizlənməsi vacibdir. Onların tam ayrılmaması hazır məhsulun dadına mənfi təsir göstərə bilər.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью