Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Ev şəraitində vurulan iynələrdən ölüm halları, təəssüf ki, hələ də baş verir. Növbəti bədbəxt hadisə Lənkəranın Vəravul kəndində qeydə alınıb. Kənd sakini, 1970-ci il təvəllüdlü Rasim Qasım oğlu Qasımov yaşadığı evdə həyat yoldaşının ona iynə vurmasından sonra şok keçirərək vəfat edib. Hadisə ilə bağlı araşdırma rayon prokurorluğu tərəfindən aparılır.
Həkimlər dəfələrlə ev şəraitində, tibbi mütəxəssis olmadan inyeksiya edilməsinin təhlükəli olduğunu bildirsələr də, bəzi insanlar həkim çağırmaq əvəzinə özləri müalicə aparmağa çalışırlar. Nəticə isə bəzən faciəvi olur. Səbəb məlumatsızlıqdır, cahillikdir, yoxsa səhlənkarlıq? İnsanlar aptekdən dərman və şpris alaraq iynə vurmağı asan yol hesab edirlər. “Özüm edərəm, həmişə özüm vurmuşam”, – deyə düşünürlər. Ancaq nəzərə almırlar ki, faciə hər dəfə deyil, bir dəfə də baş verə bilər.
Həkim-terapevt Şahvələd Məmmədov Sherg.az-a açıqlamasında bildirib ki, əzələdaxili və ya venadaxili inyeksiya zamanı anafilaktik şokun yaranması orqanizmin dərmana verdiyi kəskin allergik reaksiyanın nəticəsi ola bilər. Belə hallarda ilkin tibbi yardımın gecikməsi ölüm riskini artırır. Təəssüf ki, vətəndaşlarımızın bir çoxu nə anafilaktik şokun ilkin əlamətlərini, nə də belə vəziyyətdə hansı təcili tədbirlərin görülməli olduğunu bilir:
“İnsan müxtəlif səbəblərdən iynə vurulandan sonra şok keçirə bilər. İnyeksiyanın növü və dərmanın orqanizmə yeridilmə sürəti də mühüm amillərdəndir. Venadaxili inyeksiya zamanı dərmana qarşı allergiyası olan şəxsdə reaksiya saniyələr və ya 3-10 dəqiqə ərzində sürətlə inkişaf edə bilər. Belə vəziyyətdə müdaxilə üçün vaxt çox məhdud olur.
Anafilaktik şoka səbəb ola bilən yüksək riskli dərman qrupları var. Bunlara antibiotiklər, xüsusilə penisillin və sefalosporin qrupu preparatlar, ağrıkəsicilər, iltihab əleyhinə dərmanlar, yerli anestetiklər, məsələn, lidokain, eləcə də rentgen-kontrast maddələr daxildir.
Anafilaktik şok zamanı həyati əhəmiyyət daşıyan ilkin müdaxilə əzələdaxili adrenalinin tətbiqidir. Ev şəraitində inyeksiya zamanı adrenalinin əl altında olmaması və təcili tibbi yardımın gecikməsi ölüm riskini kəskin artırır”.
Ş.Məmmədovun sözlərinə görə, vətəndaşların bilməli olduğu mühüm məqamlar var:
“İlk növbədə, insanın hansı xəstəliklərdən əziyyət çəkdiyi, qan təzyiqinin və şəkərinin hansı səviyyədə olduğu, hansı dərmanlara qarşı allergik reaksiyasının yarandığı bilinməlidir. Həkim müayinəsi və təyinatı olmadan özbaşına müalicə aparmaq, iynə vurmaq qətiyyən düzgün deyil. Təəssüf ki, insanlar buna baxmayaraq, özbaşına inyeksiya edirlər.
Ən azı anafilaktik şokun əlamətlərini tanımaq vacibdir. Bu əlamətlər dərman yeridildikdən sonra bir neçə saniyə ərzində və ya 30 dəqiqəyədək müddətdə meydana çıxa bilər. Bədəndə, üz, boyun və sinə nahiyəsində qəfil istilik hissi və dərinin qızarması müşahidə olunur. Ovuc içində, ayaqaltında, baş dərisində və ya iynə vurulan nahiyədə güclü qaşınma və qabarıq səpkilər yarana bilər.
Göz qapaqlarının, dodaqların, dilin və boğazın şişməsi, boğazda tıxanıqlıq hissi, udqunma çətinliyi və səsin xırıltılı olması da anafilaktik şokun əlamətlərindəndir. Bundan başqa, nəfəs darlığı, sinədə sıxılma, hava çatışmazlığı, təzyiqin kəskin düşməsi, qəfil başgicəllənmə, göz qaralması, güclü halsızlıq və soyuq tər müşahidə oluna bilər. Nəbz sürətlənir, ürək döyüntüləri artır, ürəkbulanma və qusma da baş verə bilər.
Bu əlamətlərdən hər hansı biri yarandıqda vaxt itirmədən təcili tibbi yardım çağırılmalıdır.
Belə vəziyyətdə ailə üzvlərinin ilk növbədə təcili yardıma müraciət etməsi vacibdir. Şok keçirən insanı qəfil ayağa qaldırmaq və ya oturtmaq olmaz. Bu, qan təzyiqinin daha da kəskin düşməsinə və həyati təhlükənin artmasına səbəb ola bilər. Xəstə uzadılmalı, imkan daxilində ayaqları bir qədər yuxarı qaldırılmalıdır. İnyeksiya və ya sistem vasitəsilə dərman yeridilməsi dərhal dayandırılmalıdır. Təcili tibbi yardım əməkdaşlarına xəstənin vəziyyəti və dərmanın adı barədə dəqiq məlumat verilməlidir ki, onlar hadisəyə hazırlıqlı müdaxilə edə bilsinlər”.
Vacib tibbi qeyd: Anafilaktik şok həyati təhlükəli təcili vəziyyətdir. Təcili yardım çağırılmalı, adrenalin tibbi göstərişə uyğun və mümkün olduqda dərhal tətbiq edilməlidir. Xəstənin vəziyyəti yaxşılaşsa belə, xəstəxanada tibbi müayinə vacibdir. Xəstəni ayağa qaldırmaq olmaz; nəfəs almaqda ciddi çətinlik varsa, bədən vəziyyəti nəfəs almasını asanlaşdıracaq şəkildə tənzimlənməlidir.