Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25.11.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Düymə batareyaları gündəlik istifadə etdiyimiz televizor pultu, elektron termometr, avtomobil açarı, oyuncaq, elektron tərəzi və musiqili təbrik kartları kimi bir çox əşyalarda mövcuddur. Kiçik ölçülü olmasına baxmayaraq, bu batareyalar uşaqlar üçün ciddi təhlükə yarada bilər.

Redaktor.az xəbər verir ki, uşaq həkimi Elşən Tağıyev bu barədə sosial media hesabında yazıb.

Həkim bildirib ki, batareya udulduqda qida borusunda ilişib qala və elektrik-kimyəvi reaksiya nəticəsində toxumalarda ağır kimyəvi yanıqlara səbəb ola bilər. Zədələnmə iki saatdan az müddətdə başlaya bilər.

"Uşaq ilkin mərhələdə özünü tam normal hiss edə bilər. Lakin sonradan ağız suyunun axması, qusma, öskürək, udma çətinliyi və yeməkdən imtina kimi əlamətlər meydana çıxa bilər. Batareya udulmasından şübhələnildikdə, heç bir əlamətin yaranmasını gözləmədən dərhal təcili tibbi yardım şöbəsinə müraciət edilməlidir. Rentgen müayinəsi vasitəsilə batareyanın yeri müəyyənləşdirilməli, qida borusunda qaldığı təqdirdə isə təcili çıxarılmalıdır".

Həkim belə hallarda uşağı qusdurmağın, özbaşına yemək və içki verməyin, batareyanın təbii yolla xaric olmasını gözləməyin təhlükəli olduğunu vurğulayıb.

"Bəzi toksikologiya protokollarında müəyyən şərtlərlə bal verilməsinin tövsiyə olunduğunu da bildirib. Belə ki, uşaq bir yaşdan böyükdürsə, batareya son 12 saat ərzində udulubsa, uşaq rahat uda bilirsə və litium düymə batareyasının udulması ehtimalı varsa, xəstəxanaya gedərkən hər 10 dəqiqədən bir 10 ml olmaqla, maksimum 6 dəfə bal verilə bilər. Bir yaşdan kiçik uşaqlara isə bal verilməməlidir. Bununla belə, bal tibbi yardıma müraciəti gecikdirməməlidir".

Elşən Tağıyev valideynlərə evdə batareya ilə işləyən cihazların bölmələrini möhkəm bağlamağı, ehtiyat və işlənmiş batareyaları uşaqların əli çatmayan yerdə saxlamağı tövsiyə edib. Həkim hətta işlənmiş batareyaların da təhlükəli olduğunu xatırladıb.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью