Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Evdə səliqəsizlik və dağınıqlıq çox vaxt tənbəllik və ya pis tərbiyə ilə əlaqələndirilir. Lakin psixoloqlar bildirirlər ki, ətrafa səpələnmiş əşyalar və yuyulmamış qabların arxasında daha dərin səbəblər dayana bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, evdəki dağınıqlıq çox vaxt xroniki yorğunluq, emosional tükənmə, tənhalıq və insanın daxili vəziyyətində baş verən dəyişikliklərlə bağlı olur.
Mütəxəssislərin fikrincə, insan adətən evi yalnız özü üçün deyil, ailə üzvləri, uşaqları, həyat yoldaşı və ya qonaqları üçün də səliqəyə salır. Yaxın insanların dairəsi daraldıqda və ya insan tək qaldıqda isə evdə nizam yaratmaq üçün əvvəlki motivasiya zəifləyə bilər.
Dağınıqlığın əsas səbəblərindən biri xroniki yorğunluq hesab olunur. Gərgin iş rejimi, bitib-tükənməyən ev qayğıları və sağlamlıqla bağlı problemlər insanın fiziki enerjisini azalda bilər. Belə vəziyyətdə qab yumaq və ya evi yığışdırmaq belə ağır iş kimi görünür.
Digər səbəb isə insanın kimin üçün çalışdığını itirməsidir. Uşaqlar evdən köçdükdə, yaxın insan həyatdan çıxdıqda və ya qonaqlar əvvəlki kimi gəlmədikdə insan evdə tək qala bilər. Bu zaman “bütün bunları kimin üçün edirəm?” düşüncəsi yaranır və səliqə yaratmağa həvəs azalır.
Köhnə əşyaları ata bilməmək də dağınıqlığın səbəblərindən biri ola bilər. İnsan üçün köhnə fincan, qəzet, uşaq rəsmi və ya illərdir saxlanılan başqa bir əşya sadəcə lazımsız predmet deyil, keçmişlə bağlı xatirə ola bilər. Belə əşyanı atmaq bəzən insana öz xatirəsinin bir hissəsindən imtina etmək kimi görünür.
Bununla yanaşı, dağınıq məkan insanı əlavə olaraq yorur. Ətrafda öz yerini tapmayan çoxsaylı əşyalar beyinə daim onları götürmək, yerini dəyişmək və ya atmaq lazım olduğunu xatırladır. Nəticədə insan fərqinə varmadan çoxsaylı kiçik qərarlar verməli olur və bu da əlavə enerji itkisinə səbəb ola bilər.
Mütəxəssislər belə vəziyyətdə bütün evi bir gündə yığışdırmağa çalışmağı məsləhət görmürlər. Əksinə, kiçik addımlarla başlamaq daha məqsədəuyğun hesab olunur. Məsələn, əvvəlcə bir rəfi, masanı və ya mətbəx çanağını səliqəyə salmaq kifayət edə bilər.
Təmizliyə gündə cəmi 15 dəqiqə vaxt ayırmaq da faydalı üsullardan biri kimi göstərilir. Bu müddətdən sonra işi dayandırıb istirahət etmək tövsiyə olunur. Məqsəd insanı daha da tükəndirmək deyil, tədricən nizam yaratmaqdır.
Bundan başqa, hər gün yalnız bir lazımsız əşyadan qurtulmaq məsləhət görülür. İlk mərhələdə sınmış, köhnəlmiş və uzun müddətdir istifadə edilməyən əşyalardan başlamaq olar. Xatirə dəyəri olan əşyaları isə daha sonrakı mərhələyə saxlamaq daha düzgün hesab edilir.
Mütəxəssislər evdə rahatlıq yaratmaq üçün xüsusi gün və ya qonaq gözləməməyi də tövsiyə edirlər. Onların fikrincə, insan yaşadığı məkanı başqaları üçün deyil, ilk növbədə özü üçün rahat və səliqəli etməlidir.