Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Həkimlər xəbərdarlıq edirlər ki, evdə tez-tez istifadə olunan bəzi dərmanlar düzgün qəbul edilmədikdə sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
Mütəxəssislər xüsusilə ehtiyatla istifadə edilməli olan beş preparatın adını açıqlayıblar.
1. Burun tutulmasına qarşı damar daraldıcı spreylər
Damar daraldıcı təsirə malik burun spreylərinin uzun müddət istifadəsi ciddi problemlərə səbəb ola bilər. Bu preparatlardan ardıcıl olaraq beş gündən artıq istifadə etmək tövsiyə edilmir.
Əks halda, dərman mənşəli rinit yarana bilər. Bu zaman burun selikli qişasında xroniki iltihab inkişaf edir və insan daim burun tutulmasından əziyyət çəkir. Bəzi hallarda problemin aradan qaldırılması üçün hətta cərrahi müdaxiləyə ehtiyac yarana bilər.
Fəsadların qarşısını almaq üçün istifadə qaydalarına ciddi əməl etmək və tövsiyə olunan müddəti aşmamaq vacibdir.
2. Sakitləşdirici dərmanlar
Sakitləşdirici təsirə malik preparatlar yalnız həkimlə məsləhətləşdikdən və müvafiq diaqnoz qoyulduqdan sonra qəbul edilməlidir.
Bu dərmanların özbaşına və nəzarətsiz istifadəsi asılılıq, ümumi sağlamlıq vəziyyətinin pisləşməsi və ciddi əlavə təsirlərlə nəticələnə bilər. Doza həddinin aşılması tənəffüsün zəifləməsinə, hətta ölümə səbəb ola bilər.
Xüsusilə fenobarbital və benzodiazepin tərkibli güclü təsirə malik preparatlardan istifadə zamanı diqqətli olmaq lazımdır.
3. Ürək damcıları
İlk baxışdan zərərsiz görünən ürək damcıları da ehtiyatla istifadə edilməlidir. Onlar yuxu rejiminə təsir göstərə, arterial təzyiqin kəskin dəyişməsinə səbəb ola bilər.
Təzyiqi qeyri-sabit olan və xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar xüsusilə diqqətli olmalıdırlar.
Ürək-damar sisteminə mənfi təsirlərin qarşısını almaq üçün bu vasitələri qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir.
4. Qızdırmasalıcı dərmanlar
Aspirin kimi geniş istifadə olunan qızdırmasalıcı preparatlar ciddi əlavə təsirlərə səbəb ola bilər.
Məsələn, mədə-bağırsaq xəstəlikləri olan insanlarda aspirin qanaxma və mədə xorasının kəskinləşməsi riskini artıra bilər.
Uşaqlara aspirin verilməsi isə nadir, lakin təhlükəli olan Rey sindromuna səbəb ola bilər. Bu sindrom qaraciyər və beyinin ciddi zədələnməsi ilə müşayiət olunur.
Buna görə də uşaqlarda qızdırmanı salmaq üçün adətən parasetamol və ya ibuprofenə üstünlük verilir. Bununla belə, preparatın seçimi və dozası uşağın yaşına və vəziyyətinə uyğun müəyyənləşdirilməlidir.
5. Ağrıkəsicilər
Ağrıkəsicilərin tez-tez və həkim nəzarəti olmadan qəbulu arterial təzyiqin yüksəlməsinə, orqanizmdə mayenin saxlanmasına, şişkinliyə, mədə və bağırsaq problemlərinə səbəb ola bilər. Bəzi preparatlar tromboz və infarkt riskini də artıra bilər.
Xüsusilə qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) allergik reaksiyalara və qaraciyər zədələnməsinə səbəb ola bilər.
Xroniki ağrılardan əziyyət çəkən insanlar isə yalnız ağrıkəsici qəbul etməklə kifayətlənməməli, problemin əsas səbəbini müəyyənləşdirmək üçün həkimə müraciət etməlidirlər.
Mütəxəssislər xatırladırlar ki, hər hansı dərmanı, xüsusilə də uzun müddət qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Bu, ciddi sağlamlıq fəsadlarının qarşısını almağa kömək edə bilər.
Sunay Aydın
Post navigationPrevious: ABŞ İrana yenidən hücum edə bilər – Körfəz ölkələrində müharibə qorxusu artır