Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
“Əvəz Zeynallının səhəti ilə bağlı suallar Ədliyyə Nazirliyin Tibb Baş İdarəsinə ünvanlanmalıdır. Çünki məhbusların tibb məsələləri ilə bu qurum məşğul olur”.
Bunu “AzPolitika”-ya açıqlamasında Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev deyib. O, jurnalistin saxlanma şəraitinin normal olduğunu qeyd edib.
Xatırladaq ki, hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan tanınmış jurnalist, “Xural” qəzetinin və eyni adlı internet televiziyasının rəhbəri Əvəz Zeynallıda xərçəng xəstəliyi aşkarlanıb. Bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, jurnalistin müalicəsi üçün barəsindəki həbs qərarı dəyişdirilməli və o azad edilməlidir. M.Zeynallı belə bir çağırışla ölkə rəhbərliyinə müraciət edib.
Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2024-cü il tarixli qərarı ilə 9 il müddətində azadlıqdan məhrum edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham irəli sürülüb. Jurnalist istintaqda və məhkəmədə ittihamları qəbul etmədiyini, onların peşə fəaliyyəti ilə əlaqəli olduğunu bildirib.
Rasim Əliyev
“AzPolitika.info”