Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölüm var imiş.
Pərvərdigara, ölüm var imiş. Ölümü gözlərimlə gördüm mən, ya rəbbim. Əllərindən tutdum, “ata, mənəm, ATA, SELCANDIR, ÖZÜNƏ GƏL, ATA!”
Cavab vermədi. Dərin bir nəfəs aldı… verdi… və bitdi.
Selcan deyəndə axan suların durulduğu o qəlbdə gücüm onu qaytarmağa çatmadı. Selcan Əvəzini itirdi.
Ay Allah, insan necə hiss edərmiş?! Gözümü açandan yerimə sığmadım, ürəyimin döyüntüsü
sakitləşmədi, nəfəs ala bilmədim, ya rəbbim. Sən demə atamı məndən alır, hələ bunu mənə deyirsənmiş, ey Tanrım!
Heç inanmadım. Həkimlər dedi, əsəbiləşdim. İnsanlar dedi, güldüm. Siz mənim atamı tanımırsınız. Həm o qədər ağrımır ki? Nə vaxt soruşsam, “qarnımda azca ağrı var, qurban olum” deyirdi.
Ağrı azca deyilmiş. Mənə ömründə yalan deməyən adam 1 il 6 ay boyunca mən ağlamayım deyə mənə yalan danışırmış. Elə demişdi, axırıncı dəfə əlini üzümə çəkib, “ağlama, qurban olum” demişdi. Nə olursa olsun, Selcan ağlayanda onun qəlbi parçalanardı. İndi sənin olmadığın bir dünyada necə ağlamayım, ata? Niyə gedəcəyini demədin? Niyə sakit-sakit hər işimizi həll etdin, bizi oxutdun, “böyük adam olun” dedin və getdin… Niyə, qurban olum?
Xəyallarımız var idi, Selcanın Məmləkətini Selcan və Banular üçün gül-çiçək edəcəkdik. Axı bu millətin sənə ehtiyacı var idi, qurban olum. Ata, özüm sənə qurban olum.
Sənə minnətdaram. Mən dünyanın ən şanslı qızı idim, qızıyam. Məni sevən, sevgisini göstərən, hər anımda yanımda olan bir atam var idi. “Dağ kimi arxanda durmuşam, sən nə qərar versən mən burdayam, gözəl balam”. Sən burdasan, ata, qəlbimin baş köşəsində, aldığım hər nəfəsdə, dünənimdə, bu günümdə və sabahımdasan. Mən yaşadıqca sən də yaşayacaqsan, qurban olum.
“Özüm kimisən, sən mənim özümsən, Selcanım”
M.S.Q.O.! M.S.Q.O.! Ö.S.Q.O.!
İndən belə görüşümüz bir güman,
Bizi üzüb, yetişəcək dərd kama,
Mənim kimi orda sən də ağlama,
Gözyaşımı siləcəyəm, sil, desən.
Selcan Zeynallı
Gununsesi.info