Əvəzetmələr və üç xal

29.11.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Zirə” Premyer Liqada növbəti qələbəsini qazanıb. Rəşad Sadıqovun rəhbərlik etdiyi “qartallar” Yevlaxda “Kəpəz”ə qalib gəlib – 2:0.

Gəncə təmsilçisi ötən turda “Karvan-Yevlax”ı bu arenada üstün oynadığı futbolla məğlub etmişdi. Matçdan bir gün əvvəl “sarı-göylər”in ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcəyinin açıqlanması oyunqabağı “Zirə” cəbhəsini narahat etmişdi. Komandanın baş məşqçisi Rəşad Sadıqov da “Qəbələ” matçından sonra bununla bağlı danışmış, qərarın onlara qarşı bir növ ədalətsizlik olduğunu bildirmişdi.

Meydanın yaxşı olmaması bunun əsas səbəbi idi. Yevlax stadionu yeni istifadəyə verilib və örtüyün tam oturuşması üçün bir müddət vaxt lazımdır. Bu, oyun tempinin aşağı olmasına, futbolçuların meydanda rahat hərəkət etməməsinə səbəb olur. Buna baxmayaraq, “Zirə” ikinci hissəsini daha yaxşı oynadığı matçda qalib gəlməyi bacardı.

İlk hissədə hər iki tərəf risksiz, nizamlı oynadısa, fasilədən sonra “qartallar” keyfiyyətini ortaya qoydu. İssa Cibrilla və Brahim Konateni ikinci hissədə oyuna buraxan Sadıqov matçın seyrini dəyişdi. Vurduğu iki qolla inamlı qələbəyə sevinən “Zirə” “Turan Tovuz”un xal itirdiyi turda mühüm qələbə qazandı.

“Kəpəz” isə qeyri-sabit günlərinə davam edir. Bir tur qazanıb, iki tur uduzan “sarı-göylər”də əsas problem keyfiyyət çatışmazlığıdır. Komandada bəzi mövqelərdə ciddi axsamalar var. Baş məşqçi Azər Bağırov indiki məqamda qışa qədər birtəhər dözmək, transfer dönəmində isə bir neçə mövqeni gücləndirrməklə dövrədən sonra dönüş etmək niyyətindədir.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью