Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Prezident İlham Əliyev son çıxışında Avropa İttifaqı və Avropa Parlamentinin Azərbaycana qarşı ikili standartlarını tənqid edərək, bu qurumun daxilində baş verən korrupsiya qalmaqalını xatırladıb:
"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır... Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox!"
Modern.az xəbər verir ki, dövlət başçısının nəzərdə tutduğu şəxs Avropa Parlamentinin keçmiş vitse-prezidenti, yunanıstanlı deputat Eva Kaylidir. 1978-ci ildə Salonikidə doğulan Kayli memarlıq və beynəlxalq münasibətlər üzrə ali təhsil alıb, siyasətə gəlməzdən əvvəl isə Yunanıstanın "MEGA Channel" kanalında xəbər aparıcısı kimi tanınıb. O, 2007–2012-ci illərdə Yunanıstan Parlamentinin, 2014–2024-cü illərdə isə Avropa Parlamentinin deputatı olub, 2022-ci ilin yanvarında isə qurumun vitse-prezidenti vəzifəsinə seçilib.
Ancaq 2022-ci ilin dekabrında Belçika hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində Kaylinin və onun yaxınlarının evindən çamadanlarda 1,5 milyon avrodan çox nağd pul tapılıb. Siyasi kuluarlarda "Qatargate" kimi tanınan bu qalmaqalda yunan deputat Fars körfəzi ölkələrinin maraqlarını Avropa Parlamentində lobbiçilik etmək müqabilində rüşvət almaqda və çirkli pulların yuyulmasında ittiham olunub.
Hadisədən dərhal sonra vitse-prezident vəzifəsindən kənarlaşdırılan və partiyasından xaric edilən Kayli bir neçə ay həbsdə saxlanıldıqdan sonra ev dustaqlığına, daha sonra isə məhkəməyədək şərti azadlığa buraxılıb.