Evinizin yerləşdiyi məkan taleyinizə təsir edir?

25.08.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Evinizin yerləşdiyi ərazi gələcək sağlamlığınıza düşündüyünüzdən daha çox təsir göstərə bilər.

“Cebheinfo.az” xəbər verir ki, ABŞ-də aparılan genişmiqyaslı elmi araşdırma məhəllədaxili kimyəvi təmizləmə (quru təmizləmə) məntəqəsindən 150 metr məsafədə yaşayan şəxslərdə Parkinson xəstəliyinə tutulma riskinin əhəmiyyətli dərəcədə yüksək olduğunu ortaya qoyub.

“npj Parkinson's Disease” jurnalında dərc edilən tədqiqatda quru təmizləmə sənayesində həlledici kimi istifadə olunan trikloroetilen (TCE) maddəsinin təsiri araşdırılıb. 

67 yaşdan yuxarı 19 milyondan çox insanın məlumatlarının təhlili göstərib ki, yaş, cins, gəlir və digər amillər nəzərə alındıqdan sonra belə, quru təmizləmə obyektinə yaxın yaşamaq Parkinson riskini 14 faiz artırır.

Araşdırmaya görə, bu göstərici hərəkət pozğunluğu ilə müşayiət olunan Parkinson növlərində 23 faizə, demensiya ilə əlaqəli hallarda isə 25 faizə qədər yüksəlir.

Barrov Neyrologiya İnstitutunun mütəxəssisi Dr. Bred Rasett bildirib ki, əldə olunan nəticələr ətraf mühitin çirklənməsi ilə Parkinson arasında əlaqəni daha da gücləndirir. Əvvəlki tədqiqatlar da hava çirkliliyi, mikroplastiklər və qolf meydançalarında istifadə olunan pestisidlərin oxşar risklər yaratdığını göstərmişdi.

Alimlər vurğulayırlar ki, nəticələr birbaşa səbəb-nəticə əlaqəsini tam sübut etməsə də, ortaya çıxan güclü statistik bağlılıq ciddi narahatlıq doğurur. 

Mütəxəssislərin fikrincə, quru təmizləmə müəssisələrindən yayılan kimyəvi buxarlar yaşayış məhəllələrinə yayıla bilər və bu səbəbdən yaşayış ərazilərində ekoloji nəzarət tədbirlərinin gücləndirilməsi vacibdir.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью