Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda kənd məktəblərində şagird sayının az olması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanın kəndlərində şagird sayı az olan məktəblərə daha çox vəsait xərclənir, amma təhsilin keyfiyyəti aşağı olur:
“Ona görə də biz həmin məktəblərin bağlanması məsələsinə baxırıq. Kənd məktəblərində bir şagirdə düşən xərc Bakı ilə müqayisədə daha yüksəkdir. Kənd məktəbində bir şagirdə, məsələn, 24 min manat xərc çəkilir. Amma Bakıda bir şagirdə daha az vəsait xərclənir. Sinifdə şagird sayı çox olduqca, bir şagirdə düşən xərc azalır".
Azşagirdli kənd məktəblərinin bağlanması kəndlərin daha da boşalmasına səbəb ola bilərmi? Bir şagirdə düşən xərc yüksəkdir deyə kənd məktəblərinin bağlanması uşaqların təhsilə əlçatanlığını azaltmayacaqmı?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, əgər ölkədə doğum səviyyəsi azdırsa, problem kənd məktəbində təhsil alan az sayda uşaqda deyil və həmin kəndin öhdəliyində də uşaq sayını artırmaq yoxdur:
“İlk növbədə, nazirin açıqlamasına cavab olaraq deyim ki, kənd məktəbində oxuyan 1 şagirdə 24000 manat xərc çəkilməsinə dair əsaslı və rəsmi xərcləri açıqlayan sənədlər mövcuddurmu?
Bu sənədlər ictimaiyyətə göstəricilərlə hesabatlı bir şəkildə təqdim olunmalıdır. Bu zaman baxmalıyıq ki, həqiqətən o qədər xərc çəkilibmi, əgər çəkilibsə, yeyinti və korrupsiya halları yaşanıbmı?
Əsaslı müstəqil audit yoxlamasına ehtiyac var. İkinci bir məsələ isə odur ki, hər zaman deyirik, istənilən sahə irəliki zamanda kapitala çevrilmirsə, milyonlar ödənsə də faydasızdır.
Əgər təhsil müəssisəsindəki təhsilin keyfiyyəti günün standartlarına cavab vermirsə, məktəbdə işləyən bütün personalın maaşı, Regional Təhsil İdarəsinin saxlanması üçün lazım olan bütün xərclər ümumilikdə 1 şagird üçün çəkilən xərc kimi görünməməlidir”.
G.Hüseynova vurğulayıb ki, konstitusiyada icbari təhsilin dövlət hesabına olması qeyd edilir:
“Ulu Öndər Heydər Əliyevin bir sözü var:
“Təhsil millətin gələcəyidir”. Bu gün nazirin də, elm adamının da müzakirə etməli olduğu təhsilin keyfiyyəti, millətin gələcəyi olmalıdır, bütün personalın xərcini kənd məktəbində 1 nəfər üçün nəzərdə tutulan xərc kimi müzakirəyə çevirməməlidir.
İkinci bir məsələ odur ki, tutaq ki, audit yoxlaması oldu və xərclər olduğu kimidir, şəffaflıq var. Əgər ölkədə doğum səviyyəsi azdırsa, problem kənd məktəbində təhsil alan az sayda uşaqda deyil, bu, həmin kəndin öhdəliyində də deyil.
Əgər bu, ölkə iqtisadiyyatında xərci artırıb, qlobal problemə çevrilirsə, o zaman şəhərdə və ya rayon mərkəzində hərbi məktəblərdəki kimi qalma və qidalanma təmin olunsun. Şagird o tipli tədris müəssisəsində təhsil alsın.
Digər tərəfdən, günün reallığı məlumdur. Yəni aşağı sinifdən ta yuxarı sinifədək şagirdlər repetitor yanına gedir. Situasiya budursa, o zaman məktəbə getmək və ya nazirin qeyd etdiyin “xərcin” çəkilməsi mənasızdır.
Ümumiyyətlə, biz hər şeyi, xüsusilə də təhsili xərc olaraq gələcək üçün iqtisadi aktiv olaraq görməliyik. İlk növbədə problemi həll edib, daha sonra deyə bilməliyik ki, bu sistem iqtisadi xərcləri artırırdı və nəticədə biz digər sistemi yaratdıq və ya yeni layihə hazırladıq”.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli isə bildirib ki, təhsilin keyfiyyəti ilə yanaşı, bu sahəyə ayrılan vəsaitlərin necə və nə dərəcədə səmərəli istifadə olunması da mühüm məsələdir:
“Qeyd edilən rəqəmlər və maliyyə effektivliyi məsələsi dövlət resurslarının düzgün və səmərəli idarə olunması baxımından tamamilə əsaslı və real təhlilə söykənən yanaşmadır.
Bir şagirdə düşən xərcin Bakı ilə müqayisədə kənd məktəblərində dəfələrlə yüksək olması, üstəlik buna rəğmən təhsilin keyfiyyətində gözlənilən nəticənin əldə edilməməsi resursların və kadr potensialının optimallaşdırılmasını təbii ki, zəruri edir.
Məqsəd sadəcə məktəb binasını saxlamaq deyil, şagirdə keyfiyyətli təhsil verməkdir. Əgər azsaylı şagirdlərin təhsil aldığı məktəbdə müasir laboratoriya, zəngin kitabxana və geniş sosial mühit formalaşdırmaq mümkün deyilsə, həmin resursları daha böyük, mərkəzləşdirilmiş və yüksək təchizatlı məktəblərdə cəmləmək şagirdlərin gələcəyi üçün də faydalıdır”.
Ekspert qeyd edib ki, bu, sadəcə məktəbin fəaliyyətini dayandırmaq deyil, təhsilin məzmununu və mühitini gücləndirməyə hesablanmış strateji addımdır:
“Əlbəttə, bu modelə keçid zamanı uşaqların mərkəzi məktəblərə daşınması, nəqliyyat və coğrafi şərait kimi amillər mütləq nəzərə alınmalıdır. Dövlətin əsas hədəfi təhsilin əlçatanlığını qorumaqla yanaşı, təhlükəsiz və fasiləsiz daşınma sistemini təşkil etməkdir.
Regionların spesifikası, iqlim və yol infrastrukturunun xüsusiyyətləri diferensial şəkildə dəyərləndirilməlidir ki, nəqliyyat təminatı davamiyyətə hər hansı mənfi təsir göstərməsin.
Düşünürəm ki, mərkəzləşdirilmiş təhsil modeli uşaqların daha rəqabətqabiliyyətli mühitdə, güclü pedaqoji heyət və müasir infrastrukturla əhatə olunmasına şərait yaradacaq”.
Gülər Həsənli
"Cebheinfo.az"
Açar sözlər: məktəblər Günay Hüseynova Əmrah Həsənli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin