Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az
Rəqəmsal platformaların sayının artması şirkətlər arasında istifadəçi diqqəti uğrunda rəqabəti də gücləndirib. Artıq məhsul və xidmətlərin keyfiyyəti ilə yanaşı, brendlərin sosial şəbəkələrdə necə təqdim olunması, auditoriya ilə hansı formada ünsiyyət qurması və istifadəçilərin marağını nə dərəcədə cəlb edə bilməsi də biznes strategiyasının mühüm hissəsinə çevrilib.
Bu baxımdan dil öyrənmə platforması “Duolingo”nun sosial media strategiyası diqqətçəkən nümunələrdən biridir. Əvvəlcə əsasən mobil tətbiqi və oyunlaşdırılmış tədris sistemi ilə tanınan platforma sonradan “TikTok” və digər sosial şəbəkələrdə milyonlarla insanın izlədiyi brendə çevrilib. Xüsusilə şirkətin yaşıl bayquş obrazı olan Duo-nun qeyri-adi davranışları, yumoristik videoları və istifadəçilərlə qurduğu ünsiyyət platformanın tanınmasında mühüm rol oynayıb.
Maraqlıdır ki, “Duolingo” sosial şəbəkələrdə populyarlığını ənənəvi reklam üsullarından fərqli yanaşma ilə formalaşdırıb. Şirkət məhsulunu birbaşa tanıtmaq əvəzinə, istifadəçilərin izləmək, paylaşmaq və müzakirə etmək istədikləri məzmun yaratmağa üstünlük verib.
Sosial media strategiyasının başlanğıcı
“Duolingo” 2011-ci ildə Luiz von Ahn və Severin Haker tərəfindən yaradılıb. Platformanın əsas məqsədi dil öyrənməyi daha əlçatan və geniş auditoriya üçün maraqlı etmək idi. Tətbiqdə dərslərin oyun elementləri ilə təqdim olunması, gündəlik tapşırıqlar, xal toplamaq və ardıcıl öyrənmə seriyalarını qorumaq kimi xüsusiyyətlər istifadəçilərin platformada aktivliyini artırmağa yönəlmişdi. Lakin şirkətin sosial şəbəkələrdə geniş auditoriya qazanması daha sonrakı mərhələdə baş verdi.
“Duolingo” 2021-ci ildə “TikTok” platformasında daha fəal məzmun paylaşmağa başladı. Bu prosesdə şirkətin sosial media komandasının üzvü Zaria Parvez xüsusi rol oynadı. O, brendin əvvəlki “TikTok” hesabından fərqli yanaşma ilə istifadə etməyi, daha sərbəst və əyləncəli videolar hazırlamağı təklif etdi.
İlk mərhələdə əsas məqsəd tətbiqin funksiyalarını izah etmək və ya istifadəçiləri birbaşa qeydiyyata çağırmaq deyildi. Bunun əvəzinə platformanın xarakterinə uyğun yumoristik videolar hazırlanır, internetdə yayılan trendlərdən istifadə olunur və populyar mövzulara brendin öz üslubunda münasibət bildirilirdi.
Bu yanaşmanın fərqli tərəfi ondan ibarət idi ki, “Duolingo” özünü yalnız dil öyrədən texnologiya şirkəti kimi deyil, sosial şəbəkələrdə auditoriya ilə ünsiyyət quran əyləncəli bir obraz kimi təqdim etməyə başladı.
Yaşıl bayquş necə brendin simasına çevrildi?
“Duolingo”nun marketinq strategiyasının mərkəzində tətbiqin yaşıl bayquş maskotu Duo dayanır. Əslində, bu obraz şirkətin yarandığı 2011-ci ildən mövcud idi. Lakin sosial şəbəkələrdə onun təqdimat forması tamamilə fərqli istiqamətdə inkişaf etdi. Duo sadəcə tətbiqin loqosu və ya dil öyrənmə prosesini xatırladan simvol kimi saxlanılmadı. Ona özünəməxsus xarakter, davranış və yumor hissi verildi.
Xüsusilə istifadəçilərə gündəlik dərslərini xatırladan bildirişlər bu obrazın populyarlaşmasında rol oynadı. Tətbiqdə dərsləri buraxan istifadəçilərə göndərilən xatırlatmalar sosial şəbəkələrdə yumor mövzusuna çevrildi. İstifadəçilər yaşıl bayquşun onları dərs oxumağa məcbur edən, bəzən həddindən artıq israrlı obrazı haqqında zarafatlar paylaşmağa başladılar.
Duolingo komandası da bu reaksiyaları nəzərə alaraq Duo-nun sosial şəbəkələrdəki xarakterini həmin yumor üzərində qurdu. Beləliklə, istifadəçilərin özlərinin yaratdığı zarafatlar brendin marketinq məzmununun bir hissəsinə çevrildi.
Bu yanaşma mühüm dəyişiklik yaratdı: auditoriya artıq yalnız “Duolingo”nun hazırladığı videoları izləmirdi, eyni zamanda obraz haqqında öz məzmununu yaradır, şərhlər yazır və digər istifadəçilərlə müzakirələr aparırdı.
Reklam əvəzinə əyləncə məzmunu
“Duolingo”nun sosial media strategiyasının əsas xüsusiyyətlərindən biri məhsulun birbaşa reklamına üstünlük verməməsidir.
Ənənəvi reklam modelində şirkətlər adətən məhsulun üstünlüklərini, qiymətini və istifadə imkanlarını göstərərək potensial müştəriləri alışa və ya qeydiyyata təşviq edirlər. “Duolingo” isə “TikTok”da daha çox əyləncə və izləyici marağı üzərində qurulan məzmun strategiyasından istifadə etdi.
Videolarda Duo müxtəlif internet trendlərində iştirak edir, məşhur şəxslərə və digər brendlərə münasibət bildirir, populyar filmlərə və musiqilərə istinad edir. Bəzən isə digər şirkətlərin sosial media hesabları ilə zarafatlaşır və onların paylaşımlarına şərhlər yazır.
Bu yanaşmanın mühüm tərəfi videoların platformanın istifadəçi davranışına uyğun hazırlanmasıdır. “TikTok” auditoriyası əsasən qısa, dinamik, yumoristik və asan paylaşıla bilən məzmunlara maraq göstərir. Duolingo da ənənəvi reklam çarxları hazırlamaq əvəzinə, məhz belə məzmunlar istehsal etməyə başladı.
Şirkət sosial şəbəkələrdə yalnız öz məhsulundan danışmaqla kifayətlənmədiyi üçün onun videoları dil öyrənməklə maraqlanmayan istifadəçilərin də diqqətini cəlb edə bildi.
İstifadəçilərlə ünsiyyət marketinqin bir hissəsinə çevrildi
“Duolingo”nun populyarlığının digər səbəblərindən biri sosial şəbəkələrdə auditoriya ilə qurduğu ünsiyyətdir. Bir çox şirkət sosial media hesablarından əsasən elanlar, kampaniyalar və məhsul məlumatları paylaşmaq üçün istifadə edir. “Duolingo” isə şərhlərə cavab verməyi, istifadəçilərin zarafatlarına qoşulmağı və internetdə baş verən hadisələrə operativ reaksiya göstərməyi strategiyasının bir hissəsinə çevirib. Məsələn, istifadəçilərin Duo haqqında yazdığı zarafatlar bəzən şirkətin növbəti videolarının mövzusuna çevrilir. Bu isə auditoriyada brendlə qarşılıqlı əlaqə hissi yaradır.
Beləliklə, istifadəçilər yalnız hazır məzmunun istehlakçısı olmur, həm də onun formalaşmasında iştirak edirlər.
“Duolingo”nun yanaşmasında başqa bir mühüm xüsusiyyət trendlərə sürətli reaksiya verməkdir. Sosial şəbəkələrdə populyar mövzular qısa müddətdə dəyişdiyi üçün şirkət aktual hadisələrə uyğun məzmun hazırlamağa çalışır. Bunun üçün isə marketinq komandasına müəyyən yaradıcılıq sərbəstliyi verilir.
2025-ci ildə Duo-nun ölümü: marketinq kampaniyası necə viral oldu?
Duolingo-nun sosial media strategiyasının ən çox müzakirə olunan nümunələrindən biri 2025-ci ilin fevralında həyata keçirilən "Dead Duo" kampaniyası oldu.
Şirkət gözlənilməz şəkildə tətbiqin simvolu olan yaşıl bayquşun öldüyünü elan etdi. Əvvəlcə bu hadisə sosial şəbəkələrdə yayımlanan qısa paylaşım kimi təqdim olunsa da, sonradan genişmiqyaslı marketinq kampaniyasına çevrildi.
Duo-nun ölüm xəbəri digər şirkətlərin, məşhur şəxslərin və istifadəçilərin də diqqətini çəkdi. Müxtəlif brendlər hadisəyə münasibət bildirdi, istifadəçilər isə bayquşun ölümü ilə bağlı zarafatlar və videolar paylaşmağa başladılar.
“Duolingo” komandası yaranmış maraqdan istifadə edərək kampaniyanı genişləndirdi. Sonrakı mərhələdə istifadəçilərə Duo-nu geri qaytarmaq imkanı təqdim olundu. Bunun üçün platformada dərsləri tamamlamaq və təcrübə xalları (XP) toplamaq tələb edilirdi. Şirkət dünya üzrə istifadəçilərin topladığı xalları xüsusi səhifədə göstərərək kampaniyaya rəqabət elementi də əlavə etdi.
Nəticədə sosial şəbəkələrdə başlayan hadisə birbaşa tətbiqin əsas funksiyası ilə əlaqələndirildi. İstifadəçilər yalnız Duo haqqında danışmır, həm də onun geri qayıtması üçün dərsləri tamamlamağa təşviq olunurdular.
“Fast Company”nin 10 aprel 2025-ci il tarixli araşdırmasına görə, kampaniya iki həftə ərzində Duolingo-nun sosial media hesablarında ümumilikdə 1,7 milyard nümayiş (impression) əldə edib. Şirkətin bazar araşdırmasına əsasən, Duo-nun ölümü ətrafında yaranan sosial media müzakirələrinin həcmi həmin ilin ən çox diqqət çəkən “10 Super Bowl” reklamının hər birindən daha yüksək olub.
Bu kampaniya göstərdi ki, sosial şəbəkələrdə yaradılan maraq yalnız brendin tanınmasına deyil, istifadəçilərin birbaşa məhsulla qarşılıqlı əlaqəsinə də yönəldilə bilər.
Sosial şəbəkələrdə populyarlıq biznes nəticələrinə necə təsir etdi?
“Duolingo”nun sosial media strategiyasını maraqlı edən məqamlardan biri onun yalnız izləyici sayını artırmaq məqsədi daşımamasıdır. Şirkət sosial şəbəkələrdə yaratdığı diqqəti tətbiqin istifadəsi və auditoriyanın genişlənməsi ilə əlaqələndirməyə çalışır.
“Social Chain”in 2025-ci ilin yanvarında dərc etdiyi araşdırmada şirkətin Avropa və Latın Amerikası üzrə regional marketinq direktoru Rebecca Ricoy sosial media platformalarının yeni istifadəçilərin cəlb edilməsində mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, “TikTok” və “YouTube” yeni istifadəçilərin əldə edilməsində ağızdan-ağıza tövsiyələrdən sonra əsas kanallar sırasındadır.
Bu, marketinq baxımından əhəmiyyətli məqamdır. Çünki istifadəçilər bir tətbiqi yalnız reklam vasitəsilə deyil, dostlarının paylaşdığı videolar, sosial şəbəkələrdə qarşılarına çıxan məzmunlar və internet müzakirələri vasitəsilə də tanıya bilirlər. “Duolingo”nun 2025-ci ilin birinci rübünə dair səhmdarlara məktubunda gündəlik aktiv istifadəçilərin illik müqayisədə 49 faiz artdığı bildirilmişdi. Şirkət bu artımda "Dead Duo" kampaniyasının da rolunu qeyd etmişdi.
2025-ci ilin yekunlarına dair şirkətin 26 fevral 2026-cı ildə açıqladığı nəticələrə əsasən isə gündəlik aktiv istifadəçilərin sayı 50 milyonu ötüb. Həmin il şirkətin sifarişlərinin (bookings) həcmi ilk dəfə 1 milyard dolları keçib.
Bu göstəricilər “Duolingo”nun sosial media strategiyasının daha geniş biznes modelinin bir hissəsi olduğunu göstərir. Bununla belə, istifadəçi və maliyyə göstəricilərindəki artımı yalnız sosial şəbəkə kampaniyaları ilə izah etmək düzgün olmaz. Tətbiqin məhsul keyfiyyəti, yeni funksiyaları, oyunlaşdırma sistemi və istifadəçiləri platformada saxlamaq strategiyası da bu nəticələrə təsir göstərir.
Duolingo modelindən digər şirkətlər nə öyrənə bilər?
Duolingo nümunəsi göstərir ki, sosial şəbəkələrdə uğurlu marketinq üçün yalnız böyük reklam büdcəsi və ənənəvi tanıtım kampaniyaları kifayət etmir.
Şirkətin yanaşmasında diqqət çəkən əsas məqam brendin özünəməxsus xarakterinin yaradılmasıdır. Duo obrazı istifadəçilərin yaddaşında qalan, haqqında danışılan və müxtəlif internet trendlərinə uyğunlaşdırıla bilən bir personaja çevrilib.
Digər tərəfdən, “Duolingo” auditoriyanın reaksiyalarını marketinq strategiyasının bir hissəsi kimi qəbul edir. İstifadəçilərin şərhləri, zarafatları və paylaşdıqları məzmunlar şirkətin növbəti addımlarına təsir göstərə bilir. Bununla yanaşı, şirkət sosial şəbəkələrdə yaratdığı marağı öz əsas məhsulundan tamamilə ayrı saxlamır. Duo haqqında hazırlanan kampaniyalar müəyyən məqamda yenidən dil öyrənmə prosesinə bağlanır. Bu isə əyləncə məzmunu ilə biznes məqsədi arasında əlaqə yaradır.