Eyni mahnını təkrar təkrar dinləməyimizin 5 elmi səbəbi

19.11.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə etBaşlıqlar▼

İnsanların bəyəndikləri mahnını dəfələrlə dinləməsi təsadüfi vərdiş deyil. Araşdırmalar göstərir ki, bu davranış beynin mükafat sistemi, emosional vəziyyətimiz və yaddaş mexanizmləri ilə əlaqəlidir.

Qaynarinfo xəbər verir ki, bu barədə “Zwierciadlo” yazıb.

Mütəxəssislər eyni mahnını təkrar dinləməyin beş əsas səbəbini izah ediblər.

1. Dopamin ifrazını artırır

İnsanın xoşuna gələn musiqini dinləməsi beyində dopamin ifrazına səbəb olur. Bu maddə zövq və mükafat hissi ilə əlaqəlidir. Neyropsixoloq Valeri Salimpurun araşdırmaları göstərib ki, insana yalnız mahnının sevimli hissəsi deyil, həmin məqamın yaxınlaşmasını gözləmək də zövq verir. Buna görə də insan eyni musiqini yenidən dinləmək istəyir.

2. Əhval-ruhiyyəni tənzimləyir

Sevdiyimiz mahnılar emosional vəziyyətimizə təsir edə bilir. İnsan bəzən özünü yaxşı hiss etmək, bəzən də yaşadığı hissləri daha dərindən duymaq üçün müəyyən musiqiyə müraciət edir.

Bu, yalnız şən mahnılara aid deyil. Kədərli musiqilər də emosional boşalma yarada və insanın daxili gərginliyini azaltmağa kömək edə bilər.

3. Beynin enerjisinə qənaət edir

Tanış musiqini dinləmək beyinə əlavə informasiya emal etmək ehtiyacı yaratmır. Psixoloqlar Səndhil Mullainatan və Eldar Şafir araşdırmalarında seçimlərin çoxluğunun insanın diqqətini və qərarvermə qabiliyyətini zəiflədə biləcəyini qeyd ediblər.

Bu baxımdan, gərgin və yeni çağırışlarla dolu gündən sonra tanış mahnıya qulaq asmaq insana rahatlıq verə bilər. Çünki beyin artıq bildiyi musiqini dinləyərkən gözlənilməzliklə qarşılaşmır.

4. Güclü emosional hisslər yaradır

Musiqi dinləyərkən bədəndə yaranan titrəmə, dərinin ürpəşməsi və ani həyəcan “frisson” adlanır. Bu, insanın musiqiyə emosional reaksiyasının fiziki təzahürüdür.

Bəzi mahnılar insanda o qədər güclü hisslər yaradır ki, həmin anı yenidən yaşamaq istəyi yaranır. İlk dinləmədəki təsir sonrakı dəfələrdə eyni olmasa da, mahnı ilə bağlı xoş duyğular insanı ona qayıtmağa sövq edir.

5. Xatirələri canlandırır

Musiqi insan yaddaşında xüsusi yer tutur. Müəyyən mahnı bir insanı, hadisəni və ya həyatın hansısa dövrünü xatırlada bilər. İlk notlar eşidilən kimi insan keçmişdə yaşadığı anları yenidən xatırlayır.

Helsinki Universitetinin alimləri bu hadisəni – musiqinin yaratdığı avtobioqrafik xatirələri (MEAM) araşdırıblar. 60 yaşdan yuxarı şəxslər arasında aparılan tədqiqat göstərib ki, keçmiş illərin mahnıları iştirakçılarda yalnız konsert və rəqs kimi hadisələri deyil, həmin musiqiləri birlikdə dinlədikləri insanları da xatırladıb.

Beləliklə, eyni mahnını təkrar dinləmək sadəcə musiqi zövqü ilə bağlı deyil. Bu vərdiş zövq almaq, əhvalı tənzimləmək, zehni rahatlatmaq və xoş xatirələri yenidən yaşamaq ehtiyacından qaynaqlana bilər.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью