Əyninizə paltar geyinin də... FELYETON

30.09.2026

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Başqaları ilə nə işimiz var. Biz özümüzdən danışırıq. Bir vaxtlar - təpədən dırnağadək geyinib keçindiyimiz, hələ üstəlik başımıza papaq geyindiyimiz, yaylıq örtüb, hələ yaylığın bir tərəfi ilə yaşmaqlandığımız zamanlar düşünsəydik ki, illər ötəcək camaat soyunub küçələrdə yarıçılpaq gəzəcək, inanın çoxlarının ürəyi partlayardı. Həmin dəqiqə ölüb, o dünyalıq olardılar. Hərdən bu barədə düşünəndə deyirəm ki, Allah sizə rəhmət eləsin, paltarlılar. Nə yaxşı ki, o zamanlar bu günləri ağlınızdan belə keçirməmisiniz. Nə yaxşı ki, bir zamanlar olacaqları düşünmədən yaşayıb dünyanızı dəyişmisiniz. Allah sizə dönə-dönə rəhmət etsin.

Bir də ki, xoş halınıza. Xoş ki, bu günlərə gəlib çıxmamısınız, günümüzdə baş verənləri görməmisiniz. Ay qardaşlar, ay bacılar, indi müasir dövrdür, hamımız bunu yaxşı bilirik. Allah bu müasirliyin evini yıxsın deyək, yıxmasın deyək. Heç bilmirəm. Bildiyim odur ki, televizora baxırsan, yarıçılpaq adamlar, sosial şəbəkələrə baxırsan, həmçinin, şəhərə çıxırsan yenə elə. Hələ bütün bunlar azmış kimi sizə kimdən danışım, turistlərdən. İlboyu axışıb gəlirlər ölkəmizə. Yenə Bakıda gəzib dolaşsalar, dərd yarı olar. Qardaş, bacı, bunlar üz tuturlar bölgələrimizə, rayonlarımıza, ən ucqar kəndlərimizə. Ən gözəl yerləri seçirlər ki, biz burada istirahət etməliyik. Yaxşı edirlər. Nə deyirik ki?..Turistlər ölkəmizə nə qədər çox gələrlərsə, bizim üçün yaxşıdır, gəlirdir, insanların dolanışığıdır. Lakin məsələnin başqa tərəfi də var axı. Ay qardaşlar, ay bacılar, bunların çoxu əyinlərinə paltar geyinmirlər ey. Yarıçılpaq haldadırlar. Yaxşı, şəhərlərimizi qoyaq bir kənara. Deyək ki, şəhərlilər belə turistlərlə çox qarşılaşıblar, gözləri öyrəşib. Hələ aralarımızda onlardan yarıçılpaq geyimləri mənimsəyib utanmadan küçələrdə bu formada gəzənlər də var. Bəs o ucqar kəndlərimizdə hələ də adət-ənənələrimiz qorunub saxlanmaqdadır axı. Bəs belə yerlərdə uşaq-böyüyün bu yarıçılpaqları görməsi nə dərəcədə düzdür? Bu yarıçılpaqlıq hələ oralara gedib çıxmayıb axı...Bir də gərək insanın özündə ola ey, bir atalar misalımızda deyildiyi kimi, quyuya su tökməklə quyu olmaz. Gərək özündə əzəldən su ola.

Ay qardaş, bu turist oturub xaricdə araşdırıb istirahət üçün Azərbaycanın ən ucqar, gözəl, səfalı kəndlərini tapa, oraya üz tuta bilir, lakin oranın mədəniyyəti, adət-ənənələri ilə tanış ola bilmir? Axı özünü bir qədər də əziyyətə salsa, əyninə paltar geyinib gələr həmin yerlərə. Düzdür ey, bizdə qonağın yeri gözümüzün üstüdür. Lakin gərək qonaq da axı özünü qonaq kimi apara. Ay qardaş, ay bacı gəlib görürsən ki, burada hamının əynində pal-paltarı var. Səni lüt görəndə devikirlər. Uşaqlar başlayırlar xısın-xısın gülməyə. Utandıqlarından bilmirlər başlarını hara salsınlar. Ağbirçəklər üzlərini o yana çevirib, “bıy sizin ətiniz tökülsün”, - deyirlər. Ağsaqqallar heç yaxına belə gəlmirlər. Görmürsən bunları? Bunları anlamaq üçün Azərbaycan dilini bilmək lazım deyil ki. Anlamaq mimikalardan, yanaşmalardan, rəftarlardan da mümkündür. Nə olar, sən də əyninə paltar geyin də. Yarıçılpaq gəzəndə məgər adamın ağlı artır, istirahəti mənalı keçir, ya əlinə pul gəlir, hansı olur?

Ən böyük mədəniyyət hansı cəmiyyətdə yaşamaqdan asılı olmayaraq oradakı çoxluğun mədəniyyətinə həssaslıqla yanaşmaqdır. Yanaşın da. Ay turist qardaş, bacı çantanıza paltar qoyun. Elə o xatirə ki, birdən oralar soyuq olar. Elə soyuq da olur ey rayonlar, kəndlər. Axşamçağı, vallah, bunlar necə yarıçılpaq gəzib xəstələnmirlər, məəttəl qalıram. Paltar götür, gördün hamı geyimdədir, sən də geyin. Harada gördün camaat sənin formandadır, orada soyun...Yaxşı deyək ki, dil bilmirsiniz, uşaq-böyüyün hərəkətlərindən, gülüşündən də bir şey anlamırsınız? Tutaq ki, biz gəldik sizin ölkənizə. Gördük ki, burada hamı təpədən dırnağa geyimdədir. Biz soyunub sizin küçələrə düşsək, gülməzsiniz bizə? Vallah gülmək nədir, daş-qalaq edərsiniz bizi. Deyərsiniz ki, ya buradakı insanlara hörmətlə, sayğı ilə yanaşın, ya da şəhərimizi, kəndimizi dərhal tərk edin. Orası da var ki, biz sizin ölkənizə gəlib görsək ki, hamı yarıçılpaqdır, biz də təpə-dırnaq geyinsək, vallah, yenə güləcəksiniz. Amma narahat olmayın, sizə uyğunlaşanlar tez olacaq. Olmayanlara da ki, gülün də. Nə etmək olar? Qoy elə paltarlı olmağımıza gülsünlər. Bu, dərd deyil.

Ay qardaşlar, ay bacılar, biz nə deyirik, biz də bunu deyirik də. Deyirik ki, nə olar əyninizə paltar geyinin. Köhnə kəndə təzə dəb gətirməyin. Bir də soyuqlayıb evinizə xəstə qayıtmayın. Sonra da ki, deməyin, əşi, oraların havası elədi-belədi, getdik, xəstələndik. Deməyim odur ki, yaxşı-yaxşı fikirləşin, buraya bir də qayıtmaq üçün əyninizə paltar geyinin. Elə bütün mənalarda...

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью