525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əbülfəz Süleymanlı
Professor
[email protected]
Bir cəmiyyətin inkişaf potensialı yalnız iqtisadi göstəriciləri və texnoloji imkanları ilə deyil, elmə, biliyə və intellektual əməyə verdiyi dəyərlə də müəyyən olunur. Müasir dünyada dövlətlərin rəqabət qabiliyyətinin əsasını getdikcə daha çox elmi bilik istehsalı, innovasiya potensialı və insan kapitalının keyfiyyəti təşkil edir. Bu baxımdan alimlərin ictimai nüfuzu və elmi nailiyyətlərin cəmiyyət tərəfindən qəbul olunması ölkələrin gələcək inkişaf istiqamətləri haqqında mühüm təsəvvür yaradır.
Elmi uğurun fərdi nailiyyət çərçivəsindən çıxaraq geniş ictimai dəyərə çevrilməsinin ən səciyyəvi nümunələrindən biri dünya şöhrətli alim Əziz Sancarın şəxsiyyəti ətrafında formalaşan ictimai rəğbətdir.
Nobel mükafatı laureatı, professor Əziz Sancarın xüsusilə Türk və müsəlman dünyasında böyük coşqu və ehtiramla qarşılanması artıq ənənəvi xarakter almışdır. Bunun son günlər mediada geniş əks-səda doğuran nümunəsi 20 oktyabr 2026-cı ildə Mersin Universitetinin 2026-2027-ci tədris ilinin açılış mərasimində yaşandı. Əsas mühazirəçi kimi çıxış edən alimi dinləmək üçün minlərlə gəncin toplaşması, onun çıxışını mobil telefonlarla lentə alması daha çox məşhur sənətçilərin qarşılanmasında müşahidə olunan izdihamı xatırladırdı. Lakin bu dəfə ictimai rəğbətin mərkəzində dünya elminə fundamental töhfələr vermiş bir alim dayanırdı. Sancar DNT-nin bərpası mexanizmlərinə dair yeni tədqiqat nəticələrini ilk dəfə burada təqdim etməklə yanaşı, gənclərə elmi uğurun əsas şərtləri kimi davamlı zəhməti, intizamlı fəaliyyəti və öyrənmək əzmini xüsusi vurğuladı. Ertəsi gün Mardinin Savur rayonunda onun doğulub böyüdüyü evin muzey kimi açılması isə elmi nailiyyətlərin ictimai yaddaşda və cəmiyyətin dəyərlər sistemində qazandığı mövqenin rəmzi ifadəsi oldu.
1946-cı ildə Mardinin Savur rayonunda çoxuşaqlı ailədə dünyaya gələn Əziz Sancar 2015-ci ildə DNT-nin bərpası mexanizmlərinə dair fundamental tədqiqatlarına görə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Onun elmi bioqrafiyası istedadla yanaşı, uzunmüddətli zəhmətin, intellektual intizamın və tədqiqat əzmkarlığının əhəmiyyətini ortaya qoyur. Beynəlxalq elmi nüfuzuna baxmayaraq, sadəliyini, təvazökarlığını və milli-mədəni köklərinə bağlılığını qoruması Sancar şəxsiyyətinin nümunəvi xüsusiyyətlərindəndir.
Onun elmi uğura münasibətində vətən qarşısında mənəvi məsuliyyət xüsusi yer tutur. Bunun ən təsirli ifadələrindən biri Nobel medalını və diplomunu 19 may 2016-cı ildə Anıtqəbirə təqdim edərək Mustafa Kamal Atatürkün xatirəsinə ərməğan etməsidir. Sancar bu qərarını Türkiyə Cümhuriyyətinin yaratdığı təhsil imkanlarına və Atatürkün elmi düşüncəyə verdiyi əhəmiyyətə minnətdarlıqla əlaqələndirmişdir. Beləliklə, beynəlxalq miqyasda qazanılmış fərdi nailiyyət milli yaddaş və tarixi məsuliyyətlə birləşərək daha geniş ictimai məna qazanmışdır.
Əziz Sancarın gənclərə ünvanladığı tövsiyələrdə beynəlxalq elmi təcrübənin mənimsənilməsi ilə milli inkişafa xidmət arasında üzvi əlaqə diqqəti cəlb edir. O, gənclərin dünyanın qabaqcıl universitetlərində təhsil almasını, müxtəlif elmi mühitlərdə yetişməsini, lakin qazandıqları bilik və təcrübəni öz ölkələrinin inkişafına yönəltməsini mühüm hesab edir. Bu yanaşma fərdi akademik uğurun milli intellektual potensiala çevrilməsi prinsipinə əsaslanır.
Həyat yoldaşı Qven Sancarla birlikdə ABŞ-də yaratdığı Türk Evi də bu missiyanın mühüm istiqamətlərindəndir. Əziz Sancar fəaliyyətini yalnız Türkiyə ilə məhdudlaşdırmayaraq Azərbaycan və digər türk dövlətlərindən olan gənc tədqiqatçılarla da elmi əlaqələr qurur. Türk dünyasına səfərləri zamanı istedadlı gənclərlə görüşərək elmi hazırlığı və potensialı ilə seçilən tədqiqatçıların ABŞ-də, Şimali Karolina Universitetindəki laboratoriyasında təcrübə qazanmasına imkanlar yaradır. Əsas məqsəd beynəlxalq elmi təcrübənin mənimsənilməsi və həmin biliklərin gənc alimlər vasitəsilə öz ölkələrinin elmi inkişafına ötürülməsidir. Bu fəaliyyət beyin axınının mənfi nəticələrinin azaldılması və elmi potensialın gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Əziz Sancarın Türk dünyası ilə elmi əlaqələrinin inkişafında onun yaxın məsləhətçisi və səfərlərində müşayiətçisi olan Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Elşən Bağırzadənin də mühüm xidmətləri vardır. Onun tərtib etdiyi “Əziz Sancardan elm və inkişaf haqqında aforizmlər” kitabı alimin elmi düşüncəsini, təhsil, zəhmət, intellektual inkişaf və vətənə xidmət barədə fikirlərini sistemləşdirərək daha geniş oxucu auditoriyasına çatdırır. Alimin qardaşı qızı, Ülkü Sancar da onun sözçüsü kimi elmi və ictimai fəaliyyətinin tanıdılmasında fəal iştirak edir. Bu təşəbbüslər fərdi elmi nüfuzun Türk dünyasında akademik əməkdaşlığa və ortaq intellektual dəyərə çevrilməsinə töhfə verir.
Əziz Sancar nümunəsi elmi nailiyyətlərin ictimai dəyərə çevrilməsinin yalnız fərdi şöhrətlə məhdudlaşmadığını göstərir. Burada əsas məsələ elmin cəmiyyətin dəyərlər sistemində tutduğu mövqe, gənc nəsillərin intellektual istiqamətlənməsi və dövlətlərin elmi inkişafı strateji prioritet kimi qəbul etməsidir. Təbii sərvətlərin tükənən xarakterindən fərqli olaraq, biliyə və insan kapitalına qoyulan sərmayə yeni biliklərin, texnologiyaların və inkişaf imkanlarının yaranmasına zəmin hazırlayır.
Əziz Sancar şəxsiyyətinin nümunəvi tərəfi elmi mükəmməlliyi təvazökarlıqla, beynəlxalq nüfuzu milli-mədəni kimliklə, fərdi uğuru isə ictimai məsuliyyətlə birləşdirə bilməsidir. Mersində minlərlə gəncin bir alimi böyük coşqu ilə qarşılaması bu baxımdan yalnız emosional rəğbətin deyil, həm də cəmiyyətin intellektual dəyərlərə münasibətində müsbət meyillərin göstəricisidir. Çünki elmin ictimai nüfuza çevrildiyi cəmiyyətlərdə gələcəyin inkişaf istiqamətlərini yalnız iqtisadi imkanlar deyil, bilik, yaradıcılıq və intellektual potensial müəyyən edir.