Faciəyə münasibətdə media: hüquq, məsuliyyət və vicdan

30.10.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İctimaiyyətin məlumat almaq hüququ ilə insanın ən ağır anında şəxsi sərhədlərinin qorunması arasında incə, lakin prinsipial bir xətt var. Həmin xətt keçildikdə kamera həqiqəti qeydə alan vasitə olmaqdan çıxıb insanın kədərinə müdaxilə edən obyektivə çevrilir. Fikrimcə, insan ağrısı jurnalistikanın mövzusu ola bilər, amma heç vaxt onun nümayiş obyektinə çevrilməməlidir.

Tanınmış bir sənətkarın dəfn mərasimində yaxınlarının tabuta yaxınlaşmasına mane olan kameralar, göz yaşlarını ən təsirli kadr kimi lentə almağa çalışan operatorlar, faciənin şahidi olmuş uşaqlara dərhal mikrofon uzadan jurnalistlər eyni sualı gündəmə gətirir: xəbər naminə nələri etmək olar və hansı məqamda dayanmaq lazımdır?

Jurnalistin hadisəni işıqlandırmaq hüququ var. Ancaq bu hüquq başqasının ağrısını istədiyi formada qeydə almaq, şəxsi məkanına müdaxilə etmək və onun faciəsini tamaşaçının marağına uyğun təqdim etmək səlahiyyəti demək deyil.

Mətbuat azadlığı demokratik cəmiyyətin mühüm dayaqlarından biridir. Jurnalist hadisə yerində olmaq, məlumat toplamaq, sual vermək, ictimai əhəmiyyət daşıyan məsələləri işıqlandırmaq hüququna malikdir. Axı cəmiyyət də baş verənlərdən xəbərdar olmaq, həqiqəti bilmək istəyir. Ancaq bu hüquqların mövcudluğu jurnalistin istənilən şəraitdə, istənilən formada çəkiliş apara biləcəyi mənasına gəlirmi? Jurnalistin hüquqları olduğu kimi, onun qarşısındakı insanların da hüquqları, şəxsi sərhədləri və ləyaqəti olduğunu niyə unuduruq?!

Məlumat almaq hüququ ilə insanın ağrısına müdaxilə etmək eynidirmi?

Bu iki anlayış arasındakı sərhəd unudulanda informasiya toplamaq missiyası öz mahiyyətindən uzaqlaşır. Hər hadisənin görüntüsünü əldə etmək mümkün olsa da, hər görüntünün yayımlanması zəruri deyil.

Tanınmış bir sənətkar, ictimai xadim, yazıçı və ya başqa bir şəxs dünyasını dəyişəndə onun həyatı, yaradıcılığı və cəmiyyətə verdiyi töhfələr təbii olaraq medianın diqqət mərkəzinə keçir. Bu, başadüşüləndir. İnsanlar sevdikləri, hörmət etdikləri şəxslə vidalaşmaq, onun haqqında xatirələri dinləmək, həyat yolunu yenidən yada salmaq istəyirlər. Belə məqamda media mühüm missiya daşıyır: mərhumun irsini yaşatmaq, onun haqqında xatirələri toplamaq, ictimai yaddaşa töhfə vermək. Ancaq bu missiya ilə dəfn mərasimində hər anı çəkmək arasında ciddi fərq var.

Mərhumun yaradıcılığından danışmaq, sənət dostlarının xatirələrini bölüşmək, ictimai əhəmiyyətli məqamları lentə almaq başqa, yaxınlarının ən kövrək anlarını kameranın hədəfinə çevirmək, onların öz itkiləri ilə son dəfə vidalaşmasına mane olmaq tamam başqa məsələdir. İnsanların tabut qarşısında ağlaması, bir-birinə sığınması, özünü saxlaya bilməyib fəryad etməsi, yaxus qəbrin içərisinə qoyulan meyit niyə mütləq tamaşaçının görməli olduğu mənzərəyə çevrilməlidir? Bir insanın kədərinin səmimiyyəti onun neçə kameranın qarşısında yaşanması ilə ölçülmür.

Yadıma gəlir ki, Əməkdar artist Cabir İmanovun dəfninə qardaşı Tahir İmanovun jurnalistləri kamera ilə buraxmaması söz-söhbətə səbəb olmuşdu. Bəziləri bunu jurnalistin işinə əngəl kimi dəyərləndirirdilər. Ancaq nəzərə almaq lazımdır ki, tanınmış şəxsin ictimai sima olması onun ailəsinin də bütün həyatını ictimailəşdirmir. Mərhumun sənəti, fəaliyyəti, ictimai mövqeyi cəmiyyətə aid müzakirə mövzusu ola bilər. Ancaq onun ailə üzvlərinin ağrısı avtomatik olaraq ictimai mülkiyyətə çevrilmir. Tanınmış insanın həyatına göstərilən maraqla onun yaxınlarının şəxsi həyatına müdaxilə arasında sərhəd qorunmalıdır.

Dəfn mərasiminə gələn insanların yolunu kəsmək, onların tabuta yaxınlaşmasına mane olmaq, kameranı ağlayan insanın üzünə dirəmək, daha təsirli kadr əldə etmək üçün mərasimin təbii axarını pozmaq peşə fəaliyyətinin zəruri hissəsi sayıla bilməz. Belə məqamlarda jurnalist özünə sadə, amma vacib bir sual verməlidir: əldə etmək istədiyim görüntü hansı ictimai ehtiyaca xidmət edir? Tamaşaçı həmin kadrı görməsə, həqiqətən vacib hansı məlumatdan məhrum olacaq? Mərhumun kim olduğu, nə üçün əziz tutulduğu, hansı irsi qoyub getdiyi insanların göz yaşlarının yaxın planda göstərilməsi iləmi daha yaxşı anlaşılır? Yoxsa onun həyatını, fəaliyyətini, haqqında danışılan xatirələri təqdim etməklə?

Bir sakit kadr, səmimi xatirə, bir neçə dəqiqəlik mənalı süjet onlarla emosional görüntüdən daha çox şey deyə bilər. Çünki jurnalistikanın vəzifəsi yalnız hissləri oyatmaq deyil, həmin hisslərin arxasındakı həqiqəti də çatdırmaqdır.

Faciənin görüntüsünü əldə etmək həmişə faciənin mahiyyətini çatdırmaq demək deyil.

Bu məsələni yalnız tanınmış şəxslərin dəfn mərasimləri ilə məhdudlaşdırmaq da düzgün olmazdı. Məktəbdə, küçədə, xəstəxanada, qəza yerində, ailə faciəsi zamanı da eyni problemlə qarşılaşırıq. Hadisə baş verir, kameralar işə düşür, mikrofonlar uzadılır, suallar yağış kimi yağır. Bəzən hadisənin özündən daha vacib olan onun görüntüsünü ilk əldə etmək, ən sarsıdıcı anı qeydə almaq, başqalarından daha çox baxış toplamaq təsiri yaranır. Halbuki jurnalistikanın mahiyyəti baş verənləri göstərməkdən ibarət olsa da, onun peşəkarlığı yalnız göstərdikləri ilə deyil, göstərməməyi bacardıqları ilə də ölçülür.

Bəzən jurnalistlər faciə şahidi kimi uşaqlardan müsahibə almağa çalışırlar. Faciə ilə üzləşmiş uşaq bəzi jurnalistlər üçün sadəcə hadisənin şahidi, məlumat mənbəyi olsa da, əslində, o, ilk növbədə, qorunmağa ehtiyacı olan insandır. Bəlkə də nə baş verdiyini özü də tam anlamır, bəlkə qorxub, bəlkə gördüklərinin təsiri altındadır. Belə bir anda ona hadisəni təkrar danışdırmaq, suallarla üzərinə getmək, reaksiyasını lentə almaq hansı ictimai ehtiyaca xidmət edir?

Uşağın psixoloji vəziyyətini nəzərə almadan ondan danışmağı tələb etmək, yaşadığı sarsıntını dərhal kamera qarşısında ifadə etməsini gözləmək jurnalistikanın məqsədi ilə uzlaşmır. Xüsusilə ölüm və zorakılıqla bağlı hadisələrdə uşağın təhlükəsizliyi, şəxsi həyatının toxunulmazlığı və emosional vəziyyəti ön planda tutulmalıdır. Onun susmaq istəyi də nəzərə alınmalı, ailənin və müvafiq mütəxəssislərin mövqeyi diqqətdən kənarda qalmamalıdır.

Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları və UNICEF-in uşaqlarla bağlı etik reportaj prinsipləri də insan ləyaqətinin, şəxsi həyatın və uşaqların təhlükəsizliyinin qorunmasının əhəmiyyətini önə çəkir. Bu prinsiplər göstərir ki, jurnalistin işi yalnız məlumatı əldə etməkdən ibarət deyil; məlumatın hansı şəraitdə, hansı üsulla və hansı nəticələr doğura biləcəyi də nəzərə alınmalıdır.

Deməli, söhbət jurnalistin hadisə yerində işləmək hüququnu inkar etməkdən getmir. Söhbət həmin hüququn peşə məsuliyyəti ilə birlikdə həyata keçirilməsindən gedir.

Bununla yanaşı, məsələyə birtərəfli yanaşmaq da doğru olmazdı. Jurnalistin çəkilişinə etiraz ediləndə, ona təzyiq göstəriləndə, hətta fiziki zorakılıq tətbiq ediləndə bütün məsələ yalnız media nümayəndəsinə qarşı münasibət üzərindən təqdim oluna bilər. Ancaq jurnalistin peşə fəaliyyəti zamanı qarşılaşdığı zorakılıq yolverilməz olduğu kimi, onun davranışı ilə bağlı əsaslı etik iradlar da araşdırılmalıdır. Birinin hüququnun pozulması digərinin hüququnun pozulmasına bəraət qazandırmır.

Jurnalistə qarşı zorakılıq onun peşə hüquqlarını, insanlara qarşı həssas davranmaq tələbi isə başqalarının hüquqlarını müdafiə edir. Bunlar bir-birinə zidd deyil. Əksinə, hər ikisi eyni prinsipə - insan ləyaqətinə hörmətə söykənir. Jurnalistin döyülməsi onun davranışına verilən qiymətin ifadəsi ola bilməz, eyni zamanda, jurnalistin peşə statusu da onun hər davranışını tənqiddən kənarda saxlamır.

Burada medianın öz daxilində səmimi müzakirəyə də ehtiyac var. Operativlik uğrunda yarış, baxış sayı, paylaşım, reytinq, rəqibdən əvvəl xəbər vermək istəyi bəzən jurnalistin qərarlarına təsir göstərə bilər. Xüsusilə sosial şəbəkələr dövründə emosional görüntülərin daha çox diqqət çəkməsi heç kimə sirr deyil. Ancaq daha çox baxış toplamaqla daha keyfiyyətli jurnalistika yaratmaq eyni anlayış deyil.

Əgər bir süjetin təsir gücü insanların ən ağır anlarının nümayişindən qaynaqlanırsa, özümüzə sual verməliyik: biz həqiqətən cəmiyyətə məlumat veririk, yoxsa onun emosiyalarını idarə etməyə çalışırıq? Hadisənin mahiyyətini açırıq, yoxsa ağrını tamaşaya çeviririk?

Bu suallar təkcə çəkiliş aparan jurnalistə deyil, materialın yayımlanmasına qərar verən redaktora, media rəhbərinə və həmin görüntüləri düşünmədən paylaşan sosial şəbəkə istifadəçisinə də ünvanlanmalıdır. Çünki insanın ağrısının geniş auditoriyaya çatdırılmasında məsuliyyət yalnız kameranı tutan şəxsin üzərinə düşmür. Həmin görüntünün seçilməsi, montajı, təqdimatı, başlığı və yayılma üsulu da onun cəmiyyətə necə təsir göstərəcəyini müəyyənləşdirir.

Bütün bunlar jurnalistlərin faciələrdən uzaq durmalı, dəfn mərasimlərində çəkiliş aparmamalı və ya həssas hadisələri işıqlandırmaqdan çəkinməli olduqları anlamına gəlmir. Əksinə, bəzi hallarda məhz çəkiliş ictimai həqiqətin üzə çıxmasına, məsul şəxslərin cavab verməsinə, hadisənin gizlədilməməsinə xidmət edir. Bəzi görüntülər ictimai maraq baxımından əhəmiyyətli ola bilər. Ailələr də öz yaxınlarının həyatını və taleyini ictimaiyyətlə bölüşməyi seçə bilərlər. Dəfn mərasimində çəkilən hər görüntünü, faciə yerində verilən hər sualı etikadan kənar saymaq doğru olmazdı.

Əsas məsələ konteksti anlamaq, ictimai marağı düzgün qiymətləndirmək və insanlara zərər verməmək üçün mümkün olanı etməkdir. Bir görüntünün ictimai əhəmiyyəti nə qədər böyükdür? Onu əldə etmək üçün hansı üsullardan istifadə olunur? İnsanların etirazı və vəziyyətin həssaslığı nəzərə alınırmı? Eyni məlumatı daha az müdaxilə ilə çatdırmaq mümkündürmü? Məncə, peşəkar jurnalistin özünə verməli olduğu suallar bunlardır.

Jurnalist də insandır. O da faciənin şahidi olur, sarsıdıcı hadisələrlə qarşılaşır, operativ işləmək təzyiqini hiss edir. Buna görə də media qurumlarının etik prinsipləri yalnız kağız üzərində qalmamalı, redaksiyalarda gündəlik işin bir hissəsinə çevrilməlidir. Jurnalistlərə hansı görüntünün niyə çəkildiyini, hansı sualın hansı məqamda verilməli olduğunu, hansı hallarda geri çəkilməyin daha doğru seçim sayıldığını izah edən peşəkar mühit formalaşdırılmalıdır. Axı məsuliyyət yalnız çəkiliş aparan şəxsin deyil, həmin materialın yayımlanmasına qərar verən redaksiyanın da üzərinə düşür.

Nəhayət, əsas suala qayıdaq: insanın ağrısı xəbərdirmi? Bəli, müəyyən hallarda faciə, ölüm və itki ictimai əhəmiyyət daşıyan xəbərin mövzusu ola bilər. Ancaq insanın ağrısının xəbər olması onun istənilən formada nümayiş etdirilməsini zəruri etmir. Xəbərin mövcudluğu ilə onun təqdimat üsulu ayrı-ayrı məsələlərdir.

Jurnalistika həqiqətin ardınca getməlidir. Lakin həqiqətin ardınca gedərkən insanı itirmək olmaz. Kamera bəzən cəmiyyətin görməli olduğu həqiqəti üzə çıxarır, bəzən isə bir insanın ən kövrək anını hamının baxışına açır. Bu ikisinin fərqini müəyyənləşdirən yalnız texniki imkan, redaksiya tapşırığı və ya xəbər yarışı deyil. Burada peşə etikası, məsuliyyət və vicdan da var. Çünki heç bir xəbər, heç bir reytinq və heç bir sensasiya insan ləyaqətindən üstün deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью