“Faiz haramdır“dan 50% lik faizə...

19.10.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

AKP-nin "İslami iqtisadiyyat" mifi necə darmadağın oldu?

Türkiyənin son illərdə yaşadığı dərin iqtisadi dalğalanmalar, hakimiyyətin ideoloji şüarlarla reallıq arasında necə bir ziddiyyətlə üzləşdiyini açıq şəkildə nümayiş etdirdi. Bir tərəfdən dini dəyərlərə və İslam hüququna əsaslandığını iddia edən populist bəyanatlar, digər tərəfdən isə ölkəni tarixin ən ağır maliyyə böhranına və rekord faiz yükünə sürükləyən sərt iqtisadi nəticələr - bütün bunlar müasir Türkiyənin ən böyük siyasi-iqtisadi paradokslarından biridir.

Müstəqil ekspertlər əminliklə vurğulayırlar ki, Türkiyənin son illərdə yaşadığı iqtisadi böhran, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) dini dəyərləri siyasi alət kimi istifadə etməsinin və bunun reallıqla toqquşmasının ən acı nümunəsidir. Həm yerli rəsmi qurumların (TCMB, TÜİK, Xəzinədarlıq), həm də beynəlxalq maliyyə institutlarının (Dünya Bankı, IMF) hesabatlarından da bu qənaətə gəlmək mümkündür. 

İqtisadi böhranın dərinləşdiyi və inflyasiyanın sürətlə artmağa başladığı ilkin mərhələdə Prezident Rəcəb Tayyib Ərdoğan qlobal iqtisadi qanunauyğunluqlara və mütəxəssislərin xəbərdarlıqlarına qarşı çıxaraq məşhur dini tezisi irəli sürdü:
"Mən bir müsəlman olaraq Quran hökmləri nəyi tələb edirsə, onu edəcəm. Faiz haramdır, bundan sonra da bu belə olacaq".

Bu yanaşma ilə Mərkəzi Bankın müstəqilliyi faktiki olaraq ləğv edildi, uçot dərəcələri məqsədli şəkildə aşağı endirildi. Hökumət bu siyasəti "iqtisadi istiqlal mübarizəsi" və dini prinsiplərə sədaqət kimi qələmə verərək xalqın qarşısına çıxdı. Elmi əsası olmayan və sırf siyasi maraqlara xidmət edən bu "heterodoks" iqtisadi model gözləniləni deyil, tam əks nəticəni verdi. Ölkə iqtisadiyyatı ağır zərbə aldı.

İstehlak qiymətləri indeksi (TÜFE) ölkə tarixinin görünməmiş hədlərinə – 80-85% və daha yuxarı səviyyələrə qədər yüksəldi. Müstəqil tədqiqat qrupu ENAG-a görə isə 180%-dən yuxarı çatdı. Geyim, ərzaq və mənzil qiymətləri kəskin bahalaşdı. Türk lirəsi (TL) ABŞ dolları və avro qarşısında kəskin şəkildə dəyərdən düşdü, əhalinin, xüsusilə orta və aşağı təbəqənin güzəranı ağırlaşdı, yoxsulluq səviyyəsi kəskin artdı.

İqtisadi sistemin tamamilə çökmək təhlükəsi ilə üz-üzə qalmasından sonra AKP hakimiyyəti məcburən geriyə addım atdı. İslami şüarlarla başlanan proses tam tərsinə çevrildi. Belə ki, iqtisadiyyatı xilas etmək adı ilə Mərkəzi Bank faizləri sərt şəkildə qaldıraraq 50%-ə qədər çıxardı. Nəticədə yerli banklarda kommersiya və istehlak kreditlərinin faizləri onilliklərin ən yüksək həddinə çatdı. "Faiz haramdır" şüarları ilə hakimiyyətə gələn və bu iddianı bayraq edən sistem, paradoksal olaraq Türkiyə tarixinin daxili və xarici borclara ən çox faiz ödəyən dövlət strukturuna çevrildi. Dövlət büdcəsindən borclara ödənilən vəsait trilyonlarla türk lirəsinə (milyardlarla dollara) çatdı.

Bütün bu proseslər bir həqiqəti hamıdan aydın göstərdi: AKP hakimiyyətinin və Rəcəb Tayyib Ərdoğanın islami dəyərlərdən və şəriət hökmlərindən danışması heç də dini prinsiplərə sadiqlikdən irəli gəlmirdi. Bu, sırf siyasi maraqları qorumaq, cəmiyyətin emosiyaları ilə oynamaq və hakimiyyəti saxlamaq üçün istifadə olunan populist bir manipulyasiya aləti idi.

Reallıq isə göstərdi ki, qlobal iqtisadiyyatın qanunları və bazar mexanizmləri ideoloji ehkamları tanımır. İslami şüarlarla xalqı aldatmağa çalışanlar sonda yenə həmin xalqı və dövlət büdcəsini dünyanınn ən yüksək faizlərini ödəmək məcburiyyətində qoydular. Bu, sözdə dini dəyərlərə əsaslanan, əslində isə dərin siyasi riyakarlığa və səhvlərə əsaslanan bir iqtisadi modelin iflasının bariz sübutudur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью