Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikası Media və Yayım Şurasının layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Məlum olduğu kimi, Bakıda 15 yaşadək futbolçulardan ibarət milli komandalar arasında FİFA-nın dünya çempionatı və festivalı təşkil olunur.
Bu turnir o cümlədən Azərbaycanın yeniyetmə futbolçularının beynəlxalq səviyyədə təcrübə qazanması, istedadlı futbolçuların üzə çıxarılması və gələcəkdə milli komandaların təməlinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu mənada oktyabrın 22-dən 30-dək Azərbaycanda keçirilən U-15 Dünya Çempionatı və Festivalı təkcə yeniyetmə futbolçuların mübarizə meydanı deyil, həm də ölkəmizdə uşaq futbolunun inkişafı və gənc nəslin bu idman növünə marağının artırılması üçün yaxşı fürsətdir.
Turnirdə Azərbaycan millisi də ev sahibi ölkə kimi mübarizə aparacaq. Yığmamız qrup mərhləsinin görüşlərini 24-26 oktyabr tarixlərində keçirəcək. A qrupunda yer alan komandamız Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timor (Timor-Leste) yığmaları ilə qarşılaşacaq. Fərqli futbol məktəblərini təmsil edən rəqiblərlə oyunlar yeniyetmə futbolçularımız üçün beynəlxalq təcrübə qazanmaq, öz potensiallarını göstərmək və gələcək inkişafları baxımından əhəmiyyətli sınaq olacaq.
Bəs millimiz mundiala hansı hazırlıq prosesi keçib, heyət seçimi zamanı hansı meyarlar əsas götürülüb və komandanın qarşısına hansı hədəflər qoyulub? Dünya Çempionatı və Festivalının Azərbaycan futboluna mümkün təsirləri, bölgələrdə uşaq futbolunun inkişafı və gələcək milli komandalar üçün yeni istedadların üzə çıxarılması istiqamətində görülməli işlər nələrdir?
QOL.az-ın bu və digər suallarını Azərbaycan U-15 millisinin baş məşqçisi Famil Xəlilov cavablandırıb.
- Azərbaycanın U-15 millisi Dünya Çempionatı və Festivalına necə hazırlaşıb?
- Hazırlıq prosesini planlı şəkildə aparmışıq. Məşqlər və yoxlama oyunları vasitəsilə futbolçuların həm fərdi, həm də komanda şəklində inkişafına çalışmışıq. Çünki əsas məqsədimiz onları turnirə ən yaxşı şəkildə hazırlamaqdır.
- Azərbaycan U-15 millisinin heyəti formalaşdırılarkən hansı prinsiplər əsas götürülüb? Seçim prosesində ölkənin müxtəlif bölgələrində çıxış edən futbolçuların imkanları nə dərəcədə nəzərə alınıb?
- Heyətin formalaşdırılması üçün seçimlər bütün ölkəni əhatə edib və üç mərhələdə təşkil olunub. İlk mərhələdə Dalğa meydançasında liqalarda çıxış edən bütün futbolçulara baxış keçirilib. İkinci mərhələdə Bayıl meydançasında bölgə klublarından dəvət olunan futbolçular iştirak ediblər. Son mərhələdə isə əvvəlki seçimlərdə fərqlənən futbolçular yenidən qiymətləndirilib və yekun heyət formalaşdırılıb. Ümumilikdə, seçimlərdə 600-dən çox futbolçu iştirak edib. Prosesə yaş qrupları üzrə milli komandaların məşqçiləri, təcrübəli futbol mütəxəssisləri və seleksiya qrupunun üzvləri cəlb olunublar.
- Yığmamız qrup mərhələsində Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timorla qarşılaşacaq. Azərbaycan millisinin turnirdəki əsas hədəfi nədir? Nəticə qazanmaqla yanaşı, futbolçuların güclü rəqiblərlə qarşılaşaraq təcrübə toplaması nə dərəcədə prioritetdir?
- Əlbəttə ki, əsas məqsədimiz ölkəmizi layiqincə təmsil etmək və yaxşı nəticə qazanmaqdır. Amma eyni zamanda, bu turnir futbolçularımızın inkişafı üçün böyük fürsətdir. Biz istəyirik ki, onlar beynəlxalq təcrübə qazansınlar və gələcəkdə daha yüksək səviyyədə oynamağa hazır olsunlar.
- Sizcə, bu dünya çempionatının Bakıda keçirilməsi Azərbaycan futboluna nə qazandıra bilər?
- Bu turnir Azərbaycan futbolu üçün böyük fürsətdir. Dünya çempionatının ölkəmizdə keçirilməsi uşaqlarda futbola marağı artıra, onlara yeni hədəflər verə bilər. Əsas məsələ bu marağı davamlı etmək və uşaqlar üçün daha yaxşı məşq və inkişaf şəraiti yaratmaqdır.
- Aşağı yaş qruplarında inkişafı artırmaq, yığmalara yeni futbolçular qazandırmaq üçün başqa hansı addımlar atılmalıdır?
- Məncə, ilk növbədə məşqçilərin hazırlığına, aşağı yaş qruplarında düzgün təlim prosesinin qurulmasına və bölgələrdə futbolun inkişafına daha çox diqqət yetirilməlidir. Futbolçular mütəmadi izlənilməli, onlara inkişaf etmək üçün bərabər imkanlar yaradılmalıdır. Ən əsası, yalnız bugünkü nəticəyə deyil, futbolçunun uzunmüddətli inkişafına fokuslanmalıyıq.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap olunub.