Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 20 noyabr, AZƏRTAC
Bitki sağlamlığı kənd təsərrüfatı üçün olduqca vacib məsələdir. Fermer və fərdi əkinçilər bu məsələni daim diqqətdə saxlamalıdırlar. İqlim dəyişmələri bitki sağlamlığına ciddi təsir göstərən amillərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkil etdikləri “Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə” mövzusunda keçirilən konfransda çıxış edən FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin Rəhbərinin Proqram üzrə köməkçisi Bariz Mehdiyev deyib.
O bildirib ki, istər fermerlər, istərsə də fərdi qaydada əkinçiliklə məşğul olanlar və müvafiq dövlət qurumları bitki sağlamlığı ilə əlaqədar problem başlayanda deyil, başlamazda əvvəl diqqət yetirməlidirlər. Bunun üçün əkin sahələrinin mütəmadi monitorinqi keçirilməli, düzgün və vaxtında suvarma işləri həyata keçirilməli, gübrə və pestisidlərdən qaydasında istifadə olunmalıdır. Bu istiqamətdə FAO ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri davam edir. Bizim birgə qəbul etdiyimiz proqramın birinci hissəsi başa çatıb və ikinci hissəsinin həyata keçirilməsinə başlamışıq”.
“FAO BMT-nin təşkilatı olduğu üçün bir çox dünya dövlətləri ilə əməkdaşlıq edirik və məhsul istehsalının artırılmasına stimul veririk. Digər ölkələrdə həyata keçirdiyimiz tədbirlər öz səmərəliliyini göstərib və Azərbaycan da bu təcrübələrdən faydalana bilər. FAO ilə Azərbaycan arasındakı əməkdaşlığın bir istiqaməti də maarifləndirməkdir. Bunun üçün də Azərbaycanın regionlarında maarifləndirmə tədbirləri keçirərək dünya təcrübəsini nümunə kimi göstərmişik”, - deyə B.Mehdiyev qeyd edib
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının həyata keçirilməsi üçün potensial var və bu proqram Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün əhəmiyyətlidir. Proqramda bitki sağlamlığının təmin edilməsi üçün işlərin həyata keçirilməsi də nəzərdə tutulub ki, bu da çox vacib məsələdir”, - deyə FAO nümayəndəsi vurğulayıb.