Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ət məhsulları satılan mağaza və marketlərdə çəkilmiş ətin (farşın) qiymətinin bütöv və ya tikə ətdən daha ucuz olması diqqət çəkir. Bu isə istehlakçılarda qiymət fərqinin ətin keyfiyyəti, istifadə olunan hissələr və ya hazırlanma prosesi ilə bağlı olub-olmaması barədə suallar yaradır.
Bəs farşın tikə ətdən daha ucuz satılmasının əsas səbəbi nədir? Ucuz qiymət onun keyfiyyətsiz olması deməkdirmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan qida texnoloqu Ağa Salamov bildirib ki, farşın daha ucuz olması onun keyfiyyətsiz olduğu anlamına gəlmir.
Onun sözlərinə görə, qiymət fərqinə əsasən ətin hansı hissəsindən istifadə olunması və onun emalı təsir edir:
“Ətin ucuz olması farşın keyfiyyətsiz olması demək deyil. Məsələn, dananın bud hissəsindən hazırlanmış farş daha baha ola bilər. Çünki həmin ətdə qırıntılar olmur. Ət doğranarkən isə müəyyən hissəciklər və qırıntılar yaranır. Bunlar tikə şəklində satış üçün uyğun olmadığına görə farş hazırlanaraq satışa çıxarılır”.
Qida texnoloqu qeyd edib ki, ətin doğranması zamanı yaranan qırıntıların farş kimi istifadə olunması normaldır və israfın qarşısının alınmasına xidmət edir:
“Əti doğrayarkən müəyyən qırıntılar əmələ gəlir. Həmin hissələri ya atmaq, ya da farş formasına salmaq lazımdır. Onları atmaq israfçılıqdır. Ona görə də farş edilir. Bu, həmin ətin keyfiyyətinin aşağı olması demək deyil. Dünyanın hər yerində belədir”.
Ağa Salamovun sözlərinə görə, eyni hal quzu ətində də müşahidə olunur. Belə ki, quzunun qarınaltı boşluq hissəsində, eləcə də qolun yuxarı hissəsində olan yumşaq ətlər tikə şəklində satılmaqdan daha çox farş hazırlanmasında istifadə edilə bilər.
“Bunlar tullantı deyil. Normal ət hissələridir və farş hazırlanmasında istifadə olunur. Burada qeyri-adi heç nə yoxdur”, – deyə qida texnoloqu vurğulayıb.
Ekspert əlavə edib ki, əsas problem farşın ucuz olması deyil, onun tərkibinə istehlakçıya bildirilməyən başqa məhsulların əlavə edilməsi ilə bağlı ola bilər.
“Əgər ətə toyuq əti, toyuq qırıntıları və ya başqa maddələr qatılırsa, bu artıq işbazlıqdır. İstehlakçı bunu adi baxışla müəyyən edə bilməz. Belə halları yalnız laborator müayinə ilə müəyyən etmək mümkündür”, – deyə Ağa Salamov bildirib.
Beləliklə, mütəxəssisin fikrincə, farşın tikə ətdən ucuz olması avtomatik olaraq onun keyfiyyətsiz və ya tullantı ətdən hazırlandığını göstərmir. Qiymət fərqinin əsas səbəblərindən biri ətin doğranması zamanı yaranan və tikə şəklində satış üçün uyğun olmayan hissələrin farş hazırlanmasında istifadə edilməsidir.
Aynurə İsmayıl
KONKRET.az