Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son tədqiqatlar fasiləli aclığın metabolik faydaları ilə saç uzanmasının təsiri arasında kəsişmələri aşkar edib.
Bəzi iddialara görə bu üsulun saç uzanması sürətinə müsbət təsir göstərə biləcəyi deyilsə də, reallıq tamamilə fərqli olub və bu sağlamlaşdırma metodunun başqa tərəfini göstərib.
Oxu.Az-ın "News Medical"a istinadən məlumatına görə, Çinin Vestleyk Universitetinin kök hüceyrə bioloqu Binq Çjanın rəhbərlik etdiyi qrup tərəfindən aparılan və "Cell" jurnalında dərc edilən tədqiqat göstərib ki, fasiləli aclıq ümumi metabolik sağlamlığı dəstəkləsə də, ən azı siçanlarda saç regenerasiyasını pisləşdirə bilər.
Vaxt məhdudiyyəti ilə qidalanan (8 saat qida əldə etmək imkanı, 16 saat aclıq) və ya qida qəbulu günlərinin növbələşdirilməsi ilə qidalanan siçanlarda qırxılmadan sonra saçlar davamlı qida əldə edən siçanlara nisbətən nəzərəçarpacaq dərəcədə yavaş böyüyüb.
Tədqiqatın müəllifləri bu hadisəni oksidativ stresslə əlaqələndirirlər.
Saç regenerasiyası üçün lazım olan saç follikullarının kök hüceyrələri (SFKH) aclıq zamanı enerji mənbəyi kimi qlükozadan yağa keçidə çətinliklə uyğunlaşır ki, bu da proqramlaşdırılmış apoptoz hüceyrə ölümünə səbəb olur.
Çjan bildirib: "Aclıq zamanı yağ toxuması sərbəst yağ turşuları buraxmağa başlayır və bu yağ turşuları yeni aktivləşdirilmiş SFKH-yə daxil olur, lakin bu kök hüceyrələrinin onlardan istifadə etmək üçün lazımi mexanizmi yoxdur".