Fasilənin bizə faydası olacaq Şamaxının futbolçusu

09.11.2024

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Şamaxı”nın hücumçusu Leroy Mikelsin QOL.az saytına müsahibəsi

- “Neftçi” ilə dramatik oyunda 2:2-lik bərabərliyə nail oldunuz. Qarşılaşmanı necə şərh edərdiniz?

- Pozitiv nəticə qazandıq. “Neftçi” matça çox fəal başladı. Artıq 4-cü dəqiqədə hesab 0:2 idi. Buna baxmayaraq, biz geridönüş edə bildik. Buna görə də nəticədən məmnunuq.

- Qapınızda gördüyünüz erkən qolları nə ilə əlaqələndirərdiniz?

- Dəqiq səbəb deməkdə çətinlik çəkirəm. Amma əsas odur ki, geridönüş edə bildik.

- Bəs geridönüş etmək üçün özünüzdə güc necə tapdınız?

- Təbii ki, 4-cü dəqiqədə qapında 2 qol görmüsənsə, bundan sonra toparlanmaq çətindir. Təəssüf ki, matçın əvvəlində çox asan qollar buraxdıq. Amma buna baxmayaraq, özümüzə inamımızı itirmədik və yekunda 1 xal da olsa, qazandıq.

- Yəni, “Şamaxı” bu 1 xalı aktivinə yaza bilər?

- Əlbəttə. Geridönüş edə bilmişiksə, nəticədən razıyıq. Düzdür, yenə də fərqlənə bilərdik. Üçüncü qolu vurmaq üçün də şanslarımız oldu. Ümumi götürdükdə “Neftçi” kimi komandadan səfərdə 1 xal almaq da yaxşıdır. Son oyunlarda uğursuz çıxış edirdik. Ona görə də indiki məqamda qazanılan hər xal bizim üçün vacibdir.

- Bu turdan sonra çempionatda fasilə yaranır. Bu məqam “Şamaxı”nın lehinədir, yoxsa əleyhinə?

- Fasilə bizim üçün yaxşıdır. İndiki məqamda daha çox çalışmağımıza ehtiyac var. Ona görə də inanıram ki, fasilənin komandamıza faydası olacaq.

- Fasilədən sonra “Sumqayıt”la qarşılaşacaqsınız. Həmin oyundan gözləntiləriniz nədir?

- Çətin qarşılaşma olacaq. “Sumqayıt” güclü rəqibdir. Lakin bizim qələbəyə çox ehtiyacımız var. Neçə turdur 3 xal qazana bilmirik. Əlimizdən gələni edəcəyik ki, “Sumqayıt”la matçda meydanı qalib kimi tərk edək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью