Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Misli Premyer Liqasında VIII tura yekun vuruldu. Son gündə iki qarşılaşma baş tutdu. “İmişli” “Turan Tovuz”a qalib gəldi, “Kəpəz” isə “Zirə” ilə “sülh”ə razılaşdı.
İmişli – Turan Tovuz 1:0
Ötən turda “Qarabağ”a məğlubiyyətdən sonra baş məşqçi Fərid Namazovla vidalaşan “İmişli” postu müvəqqəti latviyalı Ervins Perkonsa tapşırdı. Qısa müddətdə nəyi dəyişəcəyi sual doğuran mütəxəssis ilk matçında pozitiv siqnallar verdi. Latviyalı birinci sınağında məhz iddialılardan “Turan Tovuz”a qalib gəlməklə bunu bacardı.
İlk hissədə daha yaxşı oynayan “pələnglər” rəqibə təhlükəli anlar yaşada bildi. Birinci yarıda müdafiədə də inamlı çıxış edən nominal meydan sahibləri fasiləyə kimi işin öhdəsindən maksimum gəldi.
İkinci hissədə “bozqurdlar” önə atıldı, hesabı bərabərləşdirməyə çalışdı. Ancaq hücum oyunçularının səriştəsizliyi ilə bütün cəhdlər uğursuz alındı. “Turan Tovuz”un futbolçuları real qol epizodları yaxalamasına baxmayaraq, toru dəqiq nişan ala bilmədi.
Tovuzlu azarkeşlər komandanın nəticələriylə yanaşı, sərgilənən oyundan da narazıdır. Ötən turda güc-bəla “Şəfa”ya bir qolla qalib gələn qərblilərin xal itkisi sürpriz sayılmamalıdır. Baş məşqçi Kurban Berdıyevin sistemi artıq işə yaramır və yeni çıxış yolları tapılmalıdır. Əks halda, gedişat növbəti itkilərin də soraqçısıdır.
Kəpəz – Zirə 1:1
Gəncə şəhər stadionuna qayıdışdan sonra məğlubiyyətsiz seriyasını davam etdirən “Kəpəz” bu dəfə “Zirə”yə uduzmadı. “Sarı-göylər” sonuncu dəqiqəyə qədər öndə olsa da, ani diqqətsizlik komandanı qələbəni əldən vermələrinə səbəb oldu. Keyfiyyət baxımından “qartallar”dan zəif olan “Kəpəz” bunu meydanda göstərmədi və azarkeşlərinin zövqünü oxşayan oyun sərgilədi.
“Zirə” isə ardıcıl beşinci matçda xal itkisi ilə üzləşdi. Heyətlə bağlı problemlər yaşayan “qartallar” rəqiblərinə “diş göstərməkdə” çətinlik çəkir. “Kəpəz”lə matçda ikinci hissədə üstün futbol oynamasına baxmayaraq, epizod yaratmaqda sıxıntılar yaşayan qəsəbəlilərdə yaradıcı oyunçu problemi də var. Papunaşvili əvvəlki formasında deyil, cinahlardan rəqib müdafiəsini yarmaq cəhdləri də uğursuz alındı.
Növbəti turda rəqib “Sumqayıt” olacaq. “Kimyaçılar” da toparlanmağa başlayıb və ardıcıl iki qələbə ilə xallarını artırdı. “Gənclik şəhəri” təmsilçisi uzun müddətdir, “Zirə”yə qalib gələ bilmir. Matç artıq prinsipial xarakter daşıyır. Komandaların mövcud durumlarını nəzərə alsaq, “Sumqayıt” sindromu qırmağa, “Zisə” xal itkilərinə son qoymağa çalışacaq.
Şahin Cəfərov