Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Faydalı qazıntı yataqlarının yerləşdiyi torpaq sahələrinin əvvəlki və ya alternativ faydalı vəziyyətə qaytarılması üçün rekultivasiyasına dair tələb müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yerin təki haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əlavə olunması təklif edilən 13-1-ci maddəyə (Yerin təki sahələrinin rekultivasiyası) əsasən, yerin təki istifadəçiləri işlərin aparıldığı ərazidə torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi, o cümlədən ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması məqsədilə həmin torpaqların rekultivasiyasını rekultivasiya planı əsasında təmin etməlidir.
Yerin təki ilə bağlı işlərin aparıldığı ərazilər üzrə rekultivasiya qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən ediləcək.
“Cebheinfo.az”-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, Milli Məclisdə müzakirəyə çıxarılan “Yerin təki haqqında” Qanuna təklif edilən dəyişiklik yerin təki istifadəçilərinin ekoloji məsuliyyətini daha da gücləndirir:
“Qanuna əlavə olunması nəzərdə tutulan 13-1-ci maddəyə əsasən, hasilat və digər işlər aparılan ərazilərdə torpaqların rekultivasiyası artıq planlı və məcburi şəkildə həyata keçirilməlidir.
Məqsəd torpağın münbitliyinin qorunması və bərpası, eləcə də ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasıdır. Rekultivasiya qaydası isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən tənzimlənəcək”.
O qeyd edib ki, rekultivasiya aparılmadıqda torpaq eroziyası, çirklənmə, su ehtiyatlarının zədələnməsi, biomüxtəlifliyin azalması və uzunmüddətli ekoloji deqradasiya kimi ciddi fəsadlar yarana bilər:
“Buna görə də proses beynəlxalq ekoloji standartlara uyğun, torpağın münbit qatının bərpası, çirklənmiş sahələrin təmizlənməsi, yaşıllaşdırma və davamlı monitorinq tədbirləri ilə müşayiət olunmalıdır. Bu dəyişiklik ekoloji təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına xidmət edir”.
Gülər Həsənli
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin