Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisin deputatı Fazil Mustafa son iki ay ərzində apardığı ictimai-siyasi müzakirələrin yekunu olaraq yeni kitab yazdığını açıqlayıb.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, “Çoban məsuliyyəti” adlı kitab son dövrlərdə yazdığı, dərc olunan və hələ yayımlanmayan məqalə və esselərdən ibarət topludur.
Fazil Mustafa kitabın epiqrafı üçün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin məsuliyyət anlayışı ilə bağlı fikrini seçdiyini qeyd edib.
Onun sözlərinə görə, kitab yaxın vaxtlarda redaktə olunduqdan sonra çapa təqdim ediləcək.
Deputat kitabın geniş oxucu kütləsi üçün deyil, “anlayan oxucu” üçün nəzərdə tutulduğunu bildirib. O, son dövrlərdə Cümhuriyyət dəyərləri, tarix şüuru, akademik yanaşma və Azərbaycançılıq ətrafında aparılan müzakirələrin cəmiyyətdəki müxtəlif baxışları üzə çıxardığını vurğulayıb.
Fazil Mustafa yazısında Azərbaycan Xalq Cümhuriyyəti, Rəsulzadənin irsi, Güney Azərbaycan və milli dövlətçilik məsələlərinə də toxunub. O, xüsusilə Güney Azərbaycanda yaşayan soydaşlarla bağlı elmi, sosioloji və praqmatik yanaşmaların artırılmasının vacibliyini qeyd edib.
Deputat fikirlərini Fransa siyasətçisi Adolf Tyerə aid edilən “Hər şeyi ciddi qəbul edin, faciəli yox!”ifadəsi ilə yekunlaşdırıb.
Fazil Mustafa digər müəllifləri də öz düşüncə və nəzəri mülahizələrini kitab şəklində ortaya qoymağa çağırıb:
“Mən bu müzakirələrdən bir kitab ortaya qoydum. Buyurun, siz də kitabınızı yazın, düşüncələrinizi, nəzəri mülahizələrinizi təqdim edin. Bir-birimizə cavab olaraq deyil, millətimizə fərqli baxışlar üzərində düşünməyə materiallar, qaynaqlar olsun deyə”.
Orxan