Icma.az, Bakivaxti saytına istinadən bildirir.
“Pulsuz hüquqi yardım bütün imkanı çatmayan insanları əhatə edəcəkmi? Bu suala cavab verməliyik”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, dövlət hesabına hüquqi yardımın göstərilməsi müsbət addımdır və o, bu təşəbbüsü dəstəkləyir. Bununla belə, qanunun tətbiqində əsas meyarın vətəndaşın sosial statusu deyil, maddi imkanı olmasını təklif edib.
Fazil Mustafanın sözlərinə görə, pulsuz hüquqi yardımdan yararlanmaq hüququ yalnız şəhid ailələri, müharibə veteranları və digər konkret kateqoriyalarla məhdudlaşmamalıdır. O, minimum əməkhaqqının əsas meyar kimi götürülməsini məqsədəuyğun sayıb:
“Minimum əməkhaqqı 400 manatdır. Faktiki olaraq 400 manatdan aşağı gəliri olan vətəndaşların hamısına bunun şamil olunması daha doğru olar”.
O vurğulayıb ki, sosial kateqoriyaya aid olmaq hər zaman maddi ehtiyacın göstəricisi deyil. Məsələn, müharibə veteranı yüksək gəlirə malik ola bilər, digər tərəfdən isə heç bir sosial təminat almayan və ailəsinə cəmi 100-200 manat gəlir daxil olan vətəndaşın hüquqi yardıma ehtiyacı ola bilər.
Deputat Vəkillər Kollegiyasının bu sahədə həyata keçirdiyi humanist aksiyaları və hüquqi yardım təşəbbüslərini də müsbət qiymətləndirib. Dövlətin ayırdığı vəsait hesabına pulsuz hüquqi xidmətin göstərilməsini dəstəklədiyini deyən Fazil Mustafa qanunun həqiqətən ehtiyacı olan insanlara çatmasının vacibliyini vurğulayıb.
O, həmçinin ilkin hüquqi yardım ilə peşəkar hüquqi xidmət arasında fərqin qanunvericilikdə aydın müəyyənləşdirilməsini təklif edib. Deputatın fikrincə, qanun daha çox ilkin hüquqi xidmətə yönəlməlidir.
Zeynəb Rzayeva