Fazil Mustafanın təklifi sahibkarlıq fəaliyyətinə qarışmaqdırmı? Özü danışdı

23.01.2026

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Restoran və digər ictimai iaşə obyektlərinə verilən dini, eləcə də ayrı-seçkilik məzmunu daşıyan adlar mövcuddur və din üzərindən parçalanmaya xidmət edən bütün bu cür adların dəyişdirilməsi zəruridir”.

Bu sözləri mətbuata açıqlamasında deputat Fazil Mustafa bildirib.

Komitə sədri ayrı-seçkilik məzmunu daşıyan adların dəyişdirilməsinin tərəfdarı olduğunu və bununla bağlı xüsusi sənəd hazırlayıb müvafiq qurumlara təqdim etməyi planlaşdırdığını bildirib:

“Çünki dünyəvi dövlət prinsipləri hər bir müəssisənin bütün vətəndaşlar üçün bərabər, anlaşılan və neytral şəkildə xidmət göstərməsini tələb edir. Buna görə də Azərbaycan başqa ölkələrin ideoloji və dini təbliğat, habelə test məkanına çevrilə bilməz.

Bu baxımdan, “Qədirxum”, “Fədək” və bu kimi digər adlar Azərbaycanda məqsədyönlü ideoloji və dini təbliğat vasitəsi kimi qiymətləndirilməlidir və müvafiq qurumlar bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməlidirlər”,- deyə F.Mustafa qeyd edib.

Sözügedən fikirlər birmənalı qarşılanmayıb.

Belə ki, bunun sahibkarlıq fəaliyyətinə, azad seçimə müdaxilə olduğunu bildirənlər var.

Bəs bu barədə Fazil Mustafa nə düşünür?

Gununsesi.info-ya danışan Fazil Mustafa bildirib ki, burada söhbət təkcə restoranlardan getmir:

“Bir neçə istiqamətdə məsələyə yanaşmaq lazımdır. Birincisi odur ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan dilinin saflığının qorunması ilə bağlı çağırışlar olub. Yəni bütün Azərbaycan vətəndaşları çalışmalıdırlar ki, gördükləri işdə Azərbaycan dilinin olması üstünlük təşkil etsin. İkincisi, biz dünyəvi dövlətik və dünyəvi dövlətin mahiyyətinə uyğun ad seçimi məsələsi də önəmlidir. Ümumiyyətlə, söhbət adın dini olması deyil. Məsələ odur ki, bunu hansısa ölkənin dini-ideoloji simgəsi kimi istifadə etmək yanlışdır. Məsələn, Səudiyyə Ərəbistandan, İrandan və.s hansısa təriqətin bir ideoloji qarşıdurma simvoluna çevrilmiş məsələləri hansısa adlar altında simgələşdirib təbliğ etmək yolverilməz olmalıdır. Niyə olmalıdır? Siz İranda hansısa bir Azərbaycan türkcəsinə aid olan bir adın, yaxud da bir şəhidin, milli qəhrəmanın adının bu formada İranda obraz olaraq tanıdılmasına razılıq veriləcəyini düşünürsünüzmü? Bütün bu məsələlər biz o kontekstdən yanaşırıq ki, bunlar ideoloji təbliğat xarakteri daşıyan, ancaq din pərdəsi arxasında gerçəkləşdirilməyə çalışan anlayışla edilir”.

Deputat eyni zamanda deyib:

“Biz də öz dövlətimizin maraqlarını əsas tutan, dünyəvi dövlət prinsiplərini önə çəkən, vicdan azadlığının da Azərbaycanda hər kəsin öz şəxsi seçimi olduğunu və bunun dövlət tərəfindən qorunduğunu qeyd edərək bu dəyişimin olmasını vacib sayırıq. Bu adları hər kəs öz şəxsi mülkiyyətinə aid olan evə girəndə yaza bilər. Əvvəllər də belə idi. Din adı ilə bayraq asırdılar. Qeyd edirdik ki, İslam dininin bayrağı yoxdur. Hansısa sülalənin, hakimiyyətin seçdiyi ağ, qara, qırmızı bayraq ola bilər, amma bunun İslama nə dəxli? İslam dövlət deyil ki, ayrıca bayrağı olsun. Biz bunu etmişiksə, bu adlar məsələsinə də diqqət yetirməliyik. Çalışmalıyıq ki, öz ana türkcəmizdə olan adları seçək.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью