Fəal dinləmələr, işgüzar müzakirələr

19.09.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)  “Sülh aylığı” çərçivəsində Avropa Şurasının Bakı Ofisi ilə “Lankaran Springs Wellness Resort” hotelində “Bərabərlik, ayrı-seçkiliyə yol verilməməsi və inklüzivliyin təşviqi” mövzusunda keçirdiyi birgə təlimlər başa çatıb. 

Avropa Şurasının Bakı Ofisinin rəhbəri Petr Zix, Ombudsman Aparatının Bərabərlik və ayrı-seçkilik üzrə monitorinq şöbəsinin müdiri Cavidan Qorçiyev, Avropa Şurası Anti-diskriminasiya və İnklüzivlik Departamentinin nümayəndəsi Lilia Kolombet təlimin məqsəd və vəzifələrindən danışıb.

Avropa Şurasının ekspertlərindən professor Olgun Akbulut, Kəmilə Qorxmazova, Emin Hüseynzadə, Ombudsman Aparatının  nümayəndələrindən Nigar Ağayeva, Şəhla Aslanova, Orxan Tapdıqlı və Əfsanə Əliyevanın bərabərlik, ayrı-seçkiliyə yol verilməməsi və inklüzivliklə bağlı mövzularda çıxışları dinlənilib.

Qeyd olunub ki, insanlar ayrı-seçkiliyə öz yaşına, əlillik vəziyyətinə, etnik, irqi, dini və cinsi mənsubiyyətinə, mənşəyinə, siyasi fikirlərinə, dilinə, mədəniyyətinə və digər səbəblərə görə məruz qalırlar. Hansısa obyektiv və ağlabatan əsaslandırma olmadan bir şəxsə digərlərindən fərqli münasibət göstərilir. Çox zaman qərəzli fikirlər nəticəsində yaranan ayrı-seçkilik insanların fəallığına mane olur, bacarıqlarının inkişafına, xidmətlərə və hüquqlarına çıxış imkanlarını məhdudlaşır.  

Azərbaycan tolerant, humanist və bəşəri dəyərlərə malik ölkədir. Üçgünlük təlimlərdə Azərbaycan Respublikasının Konstitusiyasında bərabərlik hüququnun təsbit olunduğu 25-ci maddəyə əsasən, dövlətin hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyinə, habelə hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verdiyi qeyd edilib. Eyni zamanda heç kim hər hansı səbəbə görə ayrı-seçkiliyə məruz qala bilməz. Cinayət Məcəlləsinin 154-cü maddəsinə əsasən bərabərlik hüququnun pozulmasına görə hüquqi məsuliyyət müəyyən olunub. Hər hansı şəxsə qarşı ayrı-seçikiliyin edilməsi və bu zəmində zərərin vurulması cinayət məsuliyyəti yaradır. Ayrı-seçkiliyə məruz qalmış şəxs bununla bağlı Ombudsmana və məhkəməyə müraciət edə bilər. 

Təlim çərçivəsində nifrət nitqi və ifadə azadlığı, böhran dövründə bərabərlik və inklüzivlik, ayrı-seçkilik narrativləri, rəqəmsal dövrdə inklüzivlik, bərabərlik və ayrı-seçkilik, uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınması və rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi, əlilliyi olan şəxslərin hüquqları mövzularında çıxışlar dinlənildi, nümunələr əsasında müzakirələr aparıldı.

Tədbirdə Ombudsman Aparatının nümayəndəsi Nigar Ağayeva uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasında Ombudsmanın rolu barədə ətraflı məlumat verdi. Bu sahədə müstəqil insan hüquqları təsisatlarının rolu, Azərbaycan Ombudsman təsisatının mandatı barədə məlumat diqqətə çatdırıldı. Bununla yanaşı, iştirakçılar uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasının hüquqi əsasları, bu sahədə olan beynəlxalq və milli qanunvericilik aktları barədə məlumatlandırıldı. 

Ombudsman Aparatının əməkdaşı Sevinc Şener təlimlə bağlı fikirlərini bizimlə bölüşərək dedi: “ Təlimlər yüksək səviyyədə təşkil olunmuşdur. Mərkəzi və yerli icra hakimiyyəti, məhkəmə və hüquq-mühafizə orqanlarının və digər qurumların  nümayəndələri müzakirələrə, diskussiyalara çox fəal şəkildə  qatıldılar. Təlim zamanı heç də hər zaman yol verilmiş fərqlərin ayrı-seçkilik hesab olunmadığı vurğulandı. Əhalinin həssas təbəqəsi sayılan əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının vacibliyi dönə-dönə qeyd olundu. Həmçinin, ədalət mühakiməsinin həyata keçirilməsində  iqtisadi, sosial baxımdan ayrı-seçkiliklə əlaqədar tədbirlərin, treninqlərin keçirilməsinə ehtiyac vardır.”

Təlim zamanı Ombudsmanın qeyd olunan sahələrdə müxtəlif istiqamətlər üzrə şikayətlərə baxılması, monitorinqlərin keçirilməsi, analitik təhlillər aparılaraq qanunvericiliyin və mövcud vəziyyətin təhlili, təkliflərin verilməsi, maarifləndirmə tədbirləri haqqında ətraflı məlumat verildi.

Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Araz Əsgərli təlimin iştirakçılar tərəfindən yüksək dəyərləndirildiyini bildirdi. Bərabərlik, ayrı-seçkiliyə yol verilməməsi və inklüzivliklə əlaqədar yanaşmalarda qarşıya çıxan çətinliklərin ölkəmizdə mövcud qanunvericiliklə yanaşı beynəlxalq qanunvericiliyin tələblərilə müqayisəli şəkildə həlli yollarının tapılması barədə diskussiya və fikir mübadiləsinin aparıldığını vurğuladı. Multikultural dəyərlərin, insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunduğu ölkə olaraq müstəqil Azərbaycanın təcrübəsinin Avropa ölkələri üçün də önəmli olduğu diqqətə çatdırıldı. 

Əlisəfa Həsənov,

XQ-nin bölgə müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью