Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
ABŞ Federal Ehtiyat Sistemində (FED) rəhbərliklə bağlı qərar qlobal maliyyə və əmtəə bazarlarında kəskin dalğalanmaya səbəb olub.
“AzPolitika” Reuters agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın FED-ə rəhbərlik üçün Kevin Uorşu seçməsi investorlar arasında ciddi narahatlıq yaradıb və genişmiqyaslı satış dalğası başlayıb.
Bazar ertəsi günü ticarət zamanı qızılın qiyməti 9 faiz ucuzlaşaraq son iki həftənin ən aşağı səviyyəsinə enib. Gümüş isə ötən həftə tarixi maksimuma çatdıqdan sonra 13 faizdən çox dəyər itirib. Beləliklə, hər iki qiymətli metal ardıcıl ikinci ticarət sessiyasında kəskin eniş nümayiş etdirib.
Neft bazarında da oxşar mənzərə yaranıb. Neftin qiyməti təxminən 5,5 faiz ucuzlaşaraq son ayların maksimum göstəricilərindən geri çəkilib. London Metal Birjasında misin qiyməti isə təxminən 5 faiz azalıb.
“Commonwealth Bank of Australia”nın əmtəə bazarları üzrə strateqi Vivek Dhar bildirib ki, həm qiymətli metallarda, həm də ABŞ səhm bazarlarında satışların artması investorların Kevin Uorşu daha sərt, yəni “şahin” mövqeli FED rəhbəri kimi qəbul etdiyini göstərir.
Onun sözlərinə görə, ABŞ dollarının möhkəmlənməsi də qızıl, neft və sənaye metalları üzərində əlavə təzyiq yaradır. Bununla belə, Vivek Dhar ilin dördüncü rübü üçün qızılın qiymətinin 6 min dollara çata biləcəyi ilə bağlı proqnozunu dəyişmədiyini bildirib.
Xatırladaq ki, Donald Tramp cümə günü FED-in keçmiş idarə heyətinin üzvü olan Kevin Uorşun may ayında Cerom Paueli əvəz edəcəyini açıqlayıb. Bu açıqlama fond və əmtəə bazarlarında satışları sürətləndirib, eyni zamanda ABŞ dollarının möhkəmlənməsinə səbəb olub.
Qiymətli metallarda eniş CME Group-un metal fyuçersləri üzrə marja tələblərini artırmasından sonra daha da güclənib. Analitiklər qeyd edirlər ki, marja tələblərinin yüksəldilməsi investorlar üçün əlavə maliyyə yükü yaradır, spekulyativ ticarəti zəiflədir, likvidliyi azaldır və bazar iştirakçılarını mövqelərini bağlamağa məcbur edir.
Qiymətlərin düşməsi prosesi ötən cümə günü başlayıb. Həmin gün qızıl 1983-cü ildən bəri ən kəskin gündəlik ucuzlaşmanı yaşayıb. Gümüş isə 27 faiz dəyər itirərək tarixində ən böyük birgünlük enişi qeydə alıb.
Enerji bazarlarına əlavə təzyiq ABŞ–İran münasibətlərində mümkün yumşalma ilə bağlı siqnallardan gəlib. Donald Trampın İranın Vaşinqtonla “ciddi danışıqlar apardığı” barədə açıqlaması, eləcə də İran İnqilab Keşikçiləri Dəniz Qüvvələrinin Hörmüz boğazında canlı atış təlimləri keçirməyi planlaşdırmadığına dair məlumatlar bölgədə hərbi qarşıdurma qorxularını azaldıb.
Sənaye metalları bazarında isə əsas narahatlıq Çində yüksək ehtiyatlar və zəif tələblə bağlıdır.
Analitiklər bildirirlər ki, fevralın 15-də başlayacaq Yeni ili ərəfəsində dünyanın ən böyük metal istehlakçısı olan Çində tələbin zəifləməsi mis və dəmir filizi bazarlarına mənfi təsir göstərir.
Digər əmtəələrdə də ucuzlaşma müşahidə olunub. Tokio birjasında rezinin qiyməti təxminən 3 faiz azalıb. Çikaqo birjasında isə buğda və soya qiymətləri orta hesabla 1 faiz geriləyib.
Vivek Dhar hesab edir ki, mövcud vəziyyət əmtəə bazarlarında dərin və uzunmüddətli böhranın başlanğıcı deyil. Onun fikrincə, hazırkı proses daha çox bazar korreksiyasıdır və investorlar üçün yeni alış imkanları yaradır.
Rasim
”AzPolitika.info”