Icma.az, Azpost portalına istinadən məlumat verir.
ABŞ Federal Ehtiyat Sisteminin faiz qərarı qlobal maliyyə bazarlarının əsas gündəminə çevrilib.
Azpost.info bildirir ki, Reuters-in məlumatına görə, investorlar FED-in çərşənbə günü keçirilən iclasının nəticələrini gözləyirlər. Qərarın Bakı vaxtı ilə gecə saatlarında açıqlanması gözlənilir.
Bazar iştirakçıları əsasən faiz dərəcəsinin 0,25 faiz bəndi artırılacağını gözləyirlər. Bu halda FED-in əsas faiz dərəcəsi 3,75-4 faiz aralığına yüksələ bilər. Reuters-in məlumatına görə, bu ehtimal artıq bazar qiymətlərində böyük ölçüdə nəzərə alınıb.
Lakin əsas diqqət yalnız faiz qərarına deyil, FED-in bundan sonra atacağı addımlara dair mesajlarına yönəlib.
ABŞ-da inflyasiya təzyiqləri hələ də yüksək olaraq qalır. Bunun fonunda enerji qiymətlərinin artması da FED-in qarşısında əlavə problem yaradır. Yaxın Şərqdəki müharibə və neft tədarükündə yaranan problemlər enerji qiymətlərini yüksəldərək inflyasiya riskini artırır.
Digər tərəfdən, ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 5 faiz həddini keçib. Bu göstərici 2007-ci ildən bəri ən yüksək səviyyələrdən biri kimi qiymətləndirilir. Yüksək istiqraz gəlirliliyi kredit və borclanma xərclərinin artmasına səbəb olur.
FED-in qərarı dollar, səhmlər, istiqrazlar və qızıl bazarlarında ciddi hərəkətlilik yarada bilər. Reuters-in məlumatına görə, investorlar xüsusilə FED sədri Kevin Varşın gələcək faiz siyasəti ilə bağlı mesajlarını izləyəcəklər.
Hazırda bazarlarda əsas sual faiz artımının olub-olmayacağı ilə yanaşı, FED-in inflyasiya və yüksək enerji qiymətləri şəraitində növbəti aylarda hansı istiqaməti seçəcəyidir.