“Fəhlə bazarı”ndan Alatavanın küçələrinə elektrik xətti çəkməyə gətirildi və bədbəxt hadisə yaşandı

02.02.2026

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Yasamal rayonu, Alatava qəsəbəsində 35/6KV 88 saylı yarımstansiya ilə tikilməkdə olan ticarət mərkəzi arası xarici elektrik təchizatının təmin edilməsindən ötrü qazıntı işləri vaxtı fəhləni elektrik cərəyanı vurub.

Perferatorla elektrik xəttinin çəkilməsi işlərini görən və bu məqsədlə perferatorla yeri deşən 36 yaşlı Mübariz həmin ərazidə 6 kV-luq kabel xəttinin keçdiyini bilməyib. Nəticədə kabel xəttinə toxunub və onu elektrik cərəyanı vurub. Mübarizi ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. Onun həyatını xilas etmək mümkün olub.

Bizimyol.info xəbər verir ki, Alatava qəsəbəsindəki elektrik verilişi xəttinin çəkilişi üçün qazıntı işləri “Azelko” MMC ilə bağlanmış müqavilə əsasında həyata keçirilib. Hadisə zamanı xəsarət alan Mübariz isə körpülərin altında dayanıb, günəmuzd iş axtaran fəhlələrdən biri olub. O bildirib ki, adəti üzrə “fəhlə bazarı”na gedib, iş axtaranda Azər adlı bir nəfər ona yaxınlaşıb, Alatava qəsəbəsi, “Şəhid bulağı” adlanan ərazidə perforatorla iş görməyi, qarşılığında da 30-40 manat pul təklif edib. O da razılaşıb: “Ticarət mərkəzinə yarımstansiyadan elektrik xətti çəkilməli idi. Razılaşdıq”.

Onun sözlərinə görə, asfaltı qazanda ərazidən 6kV-luq kabel xəttinin keçdiyini bilməyib. Çünki ona bu barədə məlumat verən olmayıb.

Onun başına gələnlərə görə Azər adlı baş mühəndis cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən mühəndisə qarşı Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. O, ittihamı qəbul edib, özünü təqsirli bildiyini söyləyib. O, bildirib ki, Mübarizi elektrik mütəxəssisi kimi işə dəvət ediblər. O, asfaltı qazdıqdan sonra həmin ərazidən elektrik naqili çəkməli idi. Etiraf edib ki, ərazidən 6 kV-luq elektrik xəttinin keçməsi barədə məlumatlandırılsa da, qazıntını aparan Mübarizə bu barədə heç bir məlumat verməyib. Özü də həmin xəttin qazıntı zamanı şəbəkədən ayrılması üçün tədbir görməyib.

Təqsirləndirilən şəxs əlavə edib ki, himayəsində iki azyaşlı övladı var, əməlindən peşmandır.

Məhkəmə təqsirləndirilən mühəndisin himayəsində azyaşlı uşaqların olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxslə barışmasını, ondan şikayət və tələbin olmamasını nəzərə alıb. Onun ittiham olunduğu maddə son Amnistiya Aktının təsiri altına düşdüyünə görə cinayət məsuliyyətindən azad edilməsi və işə xitam verilməsi qərara alınıb.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью