Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Yaponiyanın Tohoku Universitetinin alimləri 2011-ci ildə baş vermiş Böyük Şərqi Yaponiya zəlzələsindən zərər çəkmiş insanların psixi sağlamlığını 15 il ərzində izləyərək mühüm nəticələr əldə ediblər.
Universitetin rəsmi saytında dərc olunan məlumata görə, fəlakətdən sonrakı ilk iki ildə travma əlamətlərinin necə dəyişməsi insanın uzunmüddətli psixi sağlamlığını proqnozlaşdırmaq baxımından mühüm göstəricidir.
Tədqiqatçılar yaşayış evləri ciddi zərər görmüş və ya tamamilə dağılmış 1291 sakinin psixi sağlamlıq vəziyyətini 15 il müddətində izləyiblər. Universitetin məlumatına görə, bu, belə uzunmüddətli və fasiləsiz araşdırmalardan biri hesab olunur.
Araşdırma nəticəsində müəyyən edilib ki, iştirakçıların 14,7 faizində zəlzələdən 15 il sonra da klinik baxımdan əhəmiyyətli travma əlamətləri qalmaqda davam edib. Alimlər xüsusilə fəlakətdən sonrakı ilk iki il ərzində simptomların dəyişmə dinamikasının gələcək psixi sağlamlıq vəziyyətinin müəyyənləşdirilməsində əhəmiyyətli olduğunu vurğulayırlar.
Tədqiqat müəlliflərinin fikrincə, təbii fəlakətlərdən sonra insanların psixi sağlamlığının yalnız bir dəfə qiymətləndirilməsi kifayət deyil. Müntəzəm müşahidə risk qrupunda olan şəxslərin daha erkən müəyyənləşdirilməsinə və onların vaxtında psixoloji dəstək almasına imkan yarada bilər.
Alimlər hesab edirlər ki, əldə olunan nəticələr gələcəkdə təbii fəlakətlərdən sonra psixi sağlamlığın qorunmasına yönəlmiş səhiyyə proqramlarının hazırlanmasında istifadə oluna bilər.
N.Adilqızı
XQ