Fələstində İrod dövrünə aid 2 minillik məzarlar aşkarlandı

22.11.2026

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fələstində, qədim İerixon şəhərinin yaxınlığında təxminən 2 min il əvvələ aid üç monumental məzar kompleksi aşkar edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Fələstinin Qədim Əşyalar və Turizm Nazirliyi ilə Roma Universitetinin “Sapienza” arxeoloji missiyası məlumat yayıb.

Arxeoloqların tapdığı məzarlar Sınaq Dağının ətəyində, əhəngdaşı qayalıqların içərisində oyulub. Hər üç kompleks mərkəzi dəfn kamerasından və divarlardan ayrılan xüsusi dəfn nişlərindən ibarətdir. Bəzi məzarların ilkin olaraq monumental giriş fasadlarına malik olduğu ehtimal edilir.

Aşkarlanan tapıntılar arasında taxta tabutlar, bəzəkli əhəngdaşı sarkofaqlar, dəfn geyimlərinin elementləri və parça qalıqları var. Tədqiqatçıların diqqətini xüsusilə ağac və tekstil kimi üzvi materialların günümüzədək qorunub saxlanması cəlb edib. Bu nümunələr qədim dövrün dəfn mərasimləri və insanların gündəlik həyatı haqqında yeni məlumatlar verə bilər.

Alimlərin fikrincə, məzarların ölçüləri, dəfn edilənlərin sayı və tapılan əşyalar burada varlı ailələrin, hətta Yerusəlim aristokratiyasının nümayəndələrinin dəfn olunduğunu ehtimal etməyə əsas verir. Bununla belə, məzarlarda kimin dəfn edildiyi hələ müəyyənləşdirilməyib.

Araşdırmalar göstərir ki, dəfn ənənələri zamanla dəyişib. Əvvəlcə ölülər taxta tabutlarda basdırılıb. Təxminən eramızın 6-cı ilinə qədər davam edən bu praktika sonradan üzəri bəzədilmiş əhəngdaşı sarkofaqlardan istifadə ilə əvəzlənib.

İerixon niyə əhəmiyyətli şəhər sayılırdı?

Eramızdan əvvəl I əsrin son onilliklərində və eramızın I əsrində İerixon Yəhudeyanın Yerusəlimdən sonra ən mühüm şəhərlərindən biri hesab olunurdu. Mülayim qış iqliminə görə bölgə hökmdarların diqqətini cəlb edirdi. Hasmonilər sülaləsinin nümayəndələri və Böyük İrod burada qış sarayları inşa etdirmişdilər.

Şəhərin ətrafındakı torpaqlarda xurma yetişdirilir, qiymətli balzam istehsal olunurdu. Yerusəlimin imkanlı ailələrinin də İerixonda mülkləri var idi və onların bir qismi məhz bu şəhərdə dəfn olunmağı seçirdi.

Qeyd edək ki, Böyük İrod eramızdan əvvəl 4-cü ildə İerixonda vəfat edib. Aşkar edilən məzarlar da bölgənin həmin dövrdəki tarixi ilə əlaqələndirilir.

Arxeoloji missiyanın rəhbəri Lorenso Niqronun sözlərinə görə, tapıntılar qədim Roma tarixçisi İosif Flavinin əsərlərində bəhs olunan ailələrin dəfn ənənələrini birbaşa araşdırmaq imkanı yaradır.

Hazırda qazıntılar davam edir. İnsan qalıqlarının, tabutların və digər artefaktların təhlilindən sonra dəfn olunan şəxslərin kimliyi və yerli elita ilə mümkün əlaqələri barədə daha ətraflı məlumat əldə ediləcəyi gözlənilir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью