Fəlsəfə, ya səfsətə?! Könül Bünyadzadə yazır

21.08.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Könül BÜNYADZADƏ

Sual əslində Şekspirin məşhur "Olum, ya ölüm" ifadəsi kimi səslənir. Hətta mahiyyəti də eynidir. Dünyada baş verən hadisələrə, üstün dəyərlərə, ətrafında müzakirəyə çıxarılan mövzulara baxanda, belə görünür ki, insanlıq çoxdan ölümü seçib, sadəcə şekspirkimilər heç cür bununla barışmaq istəmir. Əsərlərinin qəhrəmanlarını faciəylə öldürməklə, bəlkə özü də bunu anlayırdı. Düzdür, son nəfəsində qəhrəmanlar əsl həqiqəti deyirlər, ən azı tamaşaçılara çatdırırlar, amma fakt faktlığında qalır: o sözlərin tərəfdarları yalnız hadisələri kənardan izləyənlər, eyni situasiyaya düşmək istəməyənlər, bəzən həmin sözləri heç tam mənası ilə anlamayanlar olur.

Müasir dövrdə uzun mətnləri oxumaq vərdişləri get-gedə yox olduğuna görə, mətləbimi bəri başdan bildirim: hər gün təkrar-təkrar əmin oluram ki, insanlara fəlsəfə yox, səfsətə lazımdır. Bu, əsrlərin təcrübəsinin nəticəsidir. Çinin müdrik siması hesab edilən Konfutsi məsləhətlərini dinləmək əvəzinə eyş-işrətə aludə olan hökmdara, korrupsiyaya batan məmurlara üsyan olaraq baş hakimlik vəzifəsindən istefa edib 14 il öz vətənindən uzaqlaşıb, yalnız dar çevrədə qalan tələbələri üçün yaşayıb. Sokratın söhbətlərini gənclər üçün təhlükəli hesab edib edam ediblər. Platonun hikmətli şərhlərindən, məsləhətlərindən boğaza yığılan hökmdar onu aldadıb qul kimi qonşu ölkəyə satıb. Dostları çətinliklə filosofu satın alıb qaytarıb. Filosofun cəmiyyət tərəfindən qəbul edilməməyinin nümunələri istər Qərbdə, istərsə də Şərqdə çoxdur: sadəcə qadın olub düşündüyünə görə daş-qalaq edilən Hipatiya, ideyalarını tam anlamadıqlarına görə dinin əleyhinə yozub qətlinə fərman verdikləri Həllac, Miyanəci, Bruno, Sührəvərdi və daha neçə filosof. Bütün bunlar təkzibolunmaz şəkildə təsdiq edir ki, fəlsəfəni - ağır düşüncəni, dərin ideyaları yüklənmək istəyənlər həddindən artıq azdır. Fəlsəfə adı ilə cəmiyyətə sırınan mənasız söhbətləri sevə-sevə qəbul edənlər, "hikmət dəryasına" daldıqlarını zənn edib qürur duyan, xoşbəxt olanlar isə milyonlarladır. Yəni tərəzinin gözündə səfsətə çox ağır gəlir.

Lüğətə görə fəlsəfə (filo-sofiya) hikməti sevməkdir, səfsətə isə zahirən doğru və məntiqli görünən, əslində həmsöhbətini yanıltmaq və ya haqsız yerə susdurmaq məqsədi daşıyan əsassız, boş mühakimə deməkdir. Yəni səsin bərk çıxırsa, sözləri yanaşı düzə bilirsənsə, dildən pərgarsansa, meydan sənindir. "Boş qab bərk danqıldadığı kimi", adətən az bilən özündən daha çox əmin danışır. Bilib-bilmədiklərini sadalayıb tökür, biliyi ilə yanaşı, təvazökarlığı da artan savadlını öz haray-həşiri ilə susdurur, lazım gələrsə, şantaja əl atır, isterika qaldırır, amma istədiyini əldə edər. Abırlı abrına bükülənə qədər abırsız hop edib çayı keçir və bununla fəxr edir. Bax, həmin an fəlsəfənin "ölümünün" zəfər anıdır!

Müstəqillik qazanandan bəri Azərbaycan elminin sərhədləri, imkanları da genişlənib. Alimlərimiz Azərbaycanı var eləmək üçün ciddi-cəhdlə çalışırlar, xarici layihələrə qoşulur, beynəlxalq konfranslarda iştirak edir, nüfuzlu nəşriyyatlarda, jurnallarda kitablar, məqalələr çap etdirirlər, əhəmiyyətli uğurlar qazanırlar. Təəccüblü deyil, çünki xalqımız istedadlıdır və cani-dildən qoşulduğu hər sahədə ad qazana bilir. Belə bir şəraitdə, dünya alimləri ilə rəqabət meydanına, təbii ki, fəlsəfə çıxır. Amma yerli şəraitdə o, nəlbəkidə tufan qaldıran, ciddi əsər dediyi cəfəngiyyatla meydan sulayan, fəlsəfə adı altında qol-budaq atan səfsətə ilə mübarizə aparmalı olur. Sual yaranar ki, hər kəs öz bacarığını ortaya qoyursa, bu, məni niyə narahat eləməlidir? Bir bağçada alaq otları güllər üçün nə qədər təhlükəlidirsə, səfsətə də fəlsəfə üçün bir o qədər təhlükəlidir, çünki o bağı da, nadir gülləri də gözdən salan, dəyərsizləşdirən, bağı viran qoyan məhz həmin alaqlardır. Bu gün "Azərbaycanda fəlsəfə yoxdur" iddiasına dəlil kimi məhz həmin səfsətəçiləri göstərirlər. Bu gün Elmlər Akademiyasının adı gələndə yaranan ironik gülüşlərin, ağır ittihamların səbəbkarı məhz həmin səfsətəçilərdir.

Bir neçə kiçik, ancaq olduqca əhəmiyyətli bir faktı deyim.

Nüfuzlu indeksli jurnallarda nəşr olunmaq indi alimlər və alimliyə namizədlər qarşısında qəti tələb kimi qoyulur. Əziyyət çəkib, baş sındırıb məqalə yazanlar ildə heç olmasa bir məqalə nəşr etdirir. İşin asan yolunu tapanlar ya pullu jurnallar tapır, ya da özləri birini xarici adla Meksikada, Çilidə təşkil edir. Bu iş üstündə kimlərsə cəzalandırılır, kimlərsə ifşa olunur, nəticədə eyni fırıldağı daha diqqətlə etməyi öyrənirlər. Üstəlik, belə işlərin üstünü açan Ali Attestasiya Komissiyasını günahlandırırlar.

Görəsən, bizim ölkəmizdə indi neçə alim bilir ki, dünya kitabxanalarının, ciddi elmmetrik bazaların qəbul etmədiyi LAP Lambert Academic Publishing, Scholars' Press, GlobeEdit və başqa belə yırtıcı nəşriyyatları özündə birləşdirən OmniScriptum Publishing Group vasitəsilə xarici ölkədə Azərbaycan dilində (!) kitab çap etdirmək ona nüfuzdan çox xəcalət gətirir?! Özünə alim deyib düşünmək bacarığı olduğunu zənn edənlərimiz həqiqətən inanırlar ki, heç bir rəydən, ciddi redaktədən keçməyən, orta məktəb inşası, yaxud şedevr olan yazılar arasında fərq qoymayan, elmi səviyyəni ümumiyyətlə nəzərə almayan bu nəşriyyatlar nəinki kitabı çap edir, üstəlik, bir həftə içində 7-8 dünya dilinə guya tərcümə edib yayır?! Yüksək texnologiya dövründə, süni intellektin az qala insanları idarə etməyə başladığı bir dövrdə tədqiqatçılarımız, alimlik həvəsinə düşənlərimiz hələ də bilmir ki, elektron ünvanına gələn hər məqalə nəşr etmək dəvəti onların "yüksək alimlik" nüfuzunun yox, sadəcə həmin jurnalın bazarının genişləndirmək siyasətidir?! Belə həvəskar alimlərin nə düşündüyünü, məqsədini bilmirəm, amma bilirəm ki, onların səsi həqiqi alimdən daha çox çıxır. Bilirəm ki, özlərini utanmadan nəinki həqiqi alimlər sırasında, hətta onlardan yüksəkdə görür və öz yalanlarına özləri də inanırlar.

Atalarımız doğrunun bağrını yaran yalançının bağırtısından elə-belə danışmayıblar. Əslində üz-üzə mübahisədə fəlsəfə səfsətəni susdura da bilər, yerini göstərə də, hətta doğru yolu göstərib onun faydalı vətəndaşa çevirməyi də bacarar. Əsl dərd yalançının əlinə verilən və bağırları yaran səsgücləndiricilərdir. Belə olanda, fəlsəfənin əlindən yeganə şey qulağını tutub otaqdan çıxmaq olur.

Sufi müdriklər deyəndə ki, "Sufi öz zamanının övladıdır", yaxud "Sufi bu günlə yaşayır", kəlamın dərin hikmətləri nəzərdə tutulurdu: insanın öz zəmanəsini kifayət qədər dərindən bilməsindən və düzgün dəyərləndirməsindən tutmuş, həm keçmişi, həm də gələcəyi indiki düşüncəsində ehtiva edə bilməsinə, bu günün dünən və sabah üçün ağır məsuliyyət daşımağına qədər. Amma səfsətə çox rahatlıqla bu iki kəlamı dünyanı vecinə almadan, keçmişdən qopub, gələcəyin dərdini çəkmədən yaşamaqla, bir günün içində bir ömrün ləzzətini almaq fürsəti ilə əlaqələndirdilər. Dədəsinin kor deyib, gələni-gedəni çapmağı tapşırdığı şəxslər bir kiçik həvəsə, məşhurlaşmaq eşqinə görə bir tarixi pozmağa hazırdırlar. Hər şeyi yerində olan bir səfsətə! Düşüncəyə ehtiyac qalmadan hisslərin azadlığa buraxılmasının da bir səfsətəsi olmalıdır axı.

Keçən əsrin səksəninci illərində fəlsəfi məsləhətləşmə deyə bir cərəyan yarandı. Əsas məqsədi insanı özünüdərkə yönəltməklə düşdüyü çətinlikləri çözmək, düşünməklə, fəlsəfi cərəyanların hikmətlərini anlamaqla yaşamağı öyrətməkdir. İlk baxışda psixologiyaya rəqib sayılsa da, burada aparıcı qüvvə düşüncədir, hisslər deyil. Ancaq o, populyarlaşa bilmədi, çünki hər kəs özü ilə üzləşməyi, öz düşüncələrini saf-çürük etməyi, özünün haqsız tərəflərini görməyi istəmədi. Ən rahatı psixoloqların hər şeyin günahını uzaq keçmişdə sənə uşaqlıq travması yaşatmış valideynlərində axtarıb, azadlığına mane olan ünsürlərdən qurtulmaqdır. Səfsətə də hər uğursuzluğunun səbəbini kimdə isə axtarır, çıxış yolunu daha bərk bağırmaqda tapır, bircə dəfə öz yazdığının hansı fəlsəfi yükə malik olduğunu düşünmək istəmir. 

Bu yaxınlarda, bir gənc xanım şikayət edirdi ki, tez-tez xarici səfərlərə gedir və anası həmin müddətdə dərmanlarını içməyi unudur. Yenicə necə qayğıkeş övladdır deyə düşünəcəkdim ki, növbəti cümləsi mənə yeni dövrün səfsətəsini xatırlatdı: "Axı mən öz həyatımı yaşamaq yerinə, niyə kiminsə xəstəliyinin dərdini çəkməliyəm?!" Yadıma bir quş növü düşdü - yakanlar. Gövdəsinə görə daha uzun olan ayaqları çəkisini sanki paylayır və o, rahatlıqla suyun üzərində gəzib, xırda həşəratları, otları yeyə bilir. "Əsrimiz sürət əsridir" deyib yakanlar kimi artıq suyun dibində inci axtarmağa vaxt ayırmır səfsətə, elə üzdəki həşəratlarla dolanır. Əslində, yakanlar heç inci olan dəryalarda yaşamır, xırda gölməçələrdə qarnını da, zövqünü də doydurur.

Bəli, Azərbaycan beynəlxalq aləmə açıldıqca, yeni dəyərlərlə qarşılaşdıqca düşüncələrdə fərqli suallar, istəklər yaranır. Kimsə eyni inkişafı bizdə də görmək istəyir, əlindən gələni edir, oradakı problemlərdən qorunmaq yolları axtarır. Bir başqası isə, məlum filmdə deyildiyi kimi, "axı o əjdahadan niyə bizdə yoxdur?!" deyib Azərbaycanı bəyənmir, aşağılayır, qarşılaşdığı hər problemdə az qala niyə məhz bu torpaqda doğulmağını lənətləyir. Birinci şəxslər fəlsəfəyə baş vurur, düşünür, ortaq məqamlar tapır, nəticələr çıxarır. İkincilər isə səfsətəyə üz tutur. Anında yaşadıqları problemi qloballaşdırıb, problemin bircə qarış dərininə enmək istəmir, fəlsəfənin cavabını uzun, boş, lazımsız hesab edir. Əslində, filosof "yaxındakı şam uzaqdakı günəşdən daha bərk yandırır" deyəndə, yəqin düşünməmişdi ki, bir gün şam günəşdən daha hörmətli olacaq.

Fəlsəfə və səfsətənin əsrlərdir bitməyən mübarizəsini düşünəndə, anlayırsan ki, qorxulu məqam bir gün fəlsəfənin öz rəqibinin silahından istifadə etmək həvəsinə düşməsi olar. Qısa, hisslərə ünvanlı cümlələrlə, mənasız dialoqlarla dərin fəlsəfə anlatmaq istəyi özü də bilmədən səfsətənin dəyirmanına su tökməklə nəticələnir. Sosial şəbəkələrdə kiçik məzmunsuz mətnlərdə hikmət axtara-axtara fəlsəfə üçün "olum" arzulanan yerdə onun "ölüm" fərmanını verirlər. Amma məncə, daha da qorxulusu bir gün meydanda səfsətənin tək söz sahibi kimi qalmağıdır. 

Bilərəkdən, yazını sanki yarımçıq saxlayıram. Mübarizə davam edir axı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью