Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Gəncəbasar” I Liqada 3 turdan sonra 9 xalla ikinci sıradadır.
Komandanın baş məşqçisi Elhad Nəziri Gəncə təmsilçisinin çıxışı ilə bağlı “Futbolpress.az”ın suallarını cavablandırdı:
– 3 oyun, 3 qələbə. Nəticələri necə dəyərləndirirsiniz?
– Komandanın çıxışından razıyam. Futbolçulara nəticələrə görə təşəkkür edirəm. Azarkeşlərimiz həm ev, həm səfər oyunlarında bizi dəstəkləyir. Qarşıda “Baku Sportinq”lə çətin matçımız var. Keçmişdəki oyunları unutmalıyıq. Fasilədən faydalanıb, matça hazırlaşacağıq.
– Yeni formalaşmağınıza baxmayaraq, itkisiz irəliləyirsiniz. Qısa müddətdə belə uğurlu olmağın sirri nədədir?
– Komanda formalaşdırmağa çox vaxtımız olmadı. Oyunçu seçimində böyük problemlər yaşadıq. Bəzi istədiyim gəncləri də heyətimizə qata bildik.
– Fəlsəfənizi komandaya aşılaya bilmisiniz?
– Futbolçular meydanda əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar. Doğrudur, meydandakı hər şey 100 faizdir deyə bilmərəm, 60-70 faiz istədiklərimi görə bilirəm. Fəlsəfəmi komandaya tam aşılamaq üçün vaxta ehtiyac var. Çalışırıq ki, yaxşı “Gəncəbasar” formalaşdıraq.
– Nəticələrin komandada eyforiya yaradacağından narahat deyilsiniz?
– Eyforiya məsələsi qəliz mövzudur. Futbolçulara dəfələrlə bildirirəm ki, biz hələ heç nə etməmişik. Cəmi 3 tur oynanılıb və qarşıda uzun marafon var. Bütün diqqətimiz matçlardadır, arxayınlaşmaq olmaz.
Şahin Cəfərov