“Fənərbaxça”ya pul var, “Turan” adına yox?

22.10.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev klubun rəhbərliyinə gəldiyi ilk vaxtlardan etibarən bir fikri dəfələrlə səsləndirib: Tovuz futbolunun tarixi adı olan "Turan"ı geri qaytarmaq.
Bu, sadəcə ad məsələsi deyil. Bu, klubun tarixidir, kimliyidir, azarkeşin yaddaşıdır. Bəs aradan keçən müddətdə nə dəyişib? Hələ də "Turan" yoxdur. "Turan" klubunun borcu maksimum 400 min dollar civarındadır, bu öhdəlik yerinə yetirilərsə, adın qaytarılması qarşısında problem qalmayacaq.
Ortaya çox sadə sual çıxır: Bu məsələ niyə həll olunmur? Klub "Turan" adını geri qaytarmaq üçün rəsmi addımlar atmaq əvəzinə, Bakıda Türkiyənin nəhənglərindən "Fənərbağça" ilə yoxlama oyunu təşkil edir. Əlbəttə, "Fənərbağça"nın Bakıya gətirilməsi gözəl hadisədir. Amma bunun üçün böyük vəsait xərclənirsə, həmin pulların bir hissəsinin klubun illərdir səsləndirdiyi "Turan" adına qayıdış məsələsinin həllinə yönəldilməsi daha məntiqli prioritet olmazdımı?
Ən azı, bunu azarkeşə izah etmək lazımdır. Bir tərəfdə bir günlük nümayiş və böyük tədbir. Digər tərəfdə isə klubun öz tarixini geri qaytarmaq vədi. Hansının daha vacib olduğu barədə qərarı artıq rəhbərlik verməlidir. Və burada daha bir sual yaranır: Nəsimi Paşayev Ehtiram Quliyevə "Turan" məsələsini xatırladırmı? Marketinq və təşkilati işlərə cavabdeh şəxslər yalnız böyük oyunların keçirilməsinə deyil, klubun kimliyini formalaşdıran məsələlərə də diqqət ayırmalıdırlar. Çünki "Fənərbaxça" gəlib gedir. Amma "Turan" adı qalır. Daha doğrusu, qalmalı idi...
İşin ən maraqlı tərəfi isə odur ki, Tovuz futbolunda "Turan" adı ilə bağlı başqa bir nümunə artıq var.
Cəmi bir il əvvəl yaradılan "Turan" voleybol komandası bu adı daşıyır və klub prezidenti Həsən Zeynalov komandanı artıq Çempionlar Liqasına çıxarıb. Futbolda isə vəziyyət tam başqadır. İllərdir böyük hədəflər açıqlanır, avrokuboklardan danışılır, "Turan" adının qaytarılacağı bildirilir. Amma nəticədə Tovuz futbolunun avrokubok həsrəti davam edir, "Turan" adı isə hələ də gözləyir.
Burada məsələ artıq təkcə ad deyil. Sözlə əməl arasındakı məsafədir. Ehtiram Quliyev kimi böyük ambisiyalar səsləndirən klub rəhbərindən azarkeşin gözləntisi də böyük olur. Verilən vədlər zamanında icra edilmirsə, təbii olaraq suallar yaranır. "Fənərbaxça"nı Tovuza gətirmək mümkün olmadı, Bakıya gətirdiniz. Bəs "Turan" adını niyə geri gətirmək mümkün deyil? Bəlkə artıq "Turan"ın qaytarılması ilə bağlı növbəti vədi deyil, konkret addımı görməyin vaxtıdır? Çünki Tovuz futbolunun tarixini və adını geri qaytarmaq üçün daha bir mövsüm, daha bir açıqlama, daha bir vəd gözləməyə ehtiyac yoxdur. "Turan" nə vaxt qayıdır, cənab Quliyev?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью