Fərhad Bədəlbəyli Əhməd Cavad Qızıl Medalına layiq görülüb

17.11.2026

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın görkəmli pianoçusu, Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli TÜRKSOY tərəfindən Əhməd Cavad Qızıl Medalı ilə təltif olunub.

Gununsesi.info-nun məlumatına görə, bu mükafat görkəmli sənətkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafına, milli sənətimizin beynəlxalq səviyyədə tanıdılmasına, eləcə də pedaqoji və ictimai fəaliyyətinə verdiyi töhfələrin qiymətləndirilməsi kimi dəyərləndirilir.

Əhməd Cavad Qızıl Medalı 2022-ci ildə TÜRKSOY-un sabiq Baş katibi, professor Düsen Kaseinovun rəhbərliyi dövründə təsis edilib. Mükafatın əsas məqsədi Azərbaycan istiqlal poeziyasının görkəmli nümayəndəsi Əhməd Cavadın adını və mənəvi irsini yaşatmaq, onun milli azadlıq və istiqlal ideallarına ehtiramı ifadə etməkdir.

İndiyədək Azərbaycan və Türkiyənin tanınmış elm, mədəniyyət və ictimai fikir xadimləri bu medala layiq görülüblər. Təltif olunanlar arasında görkəmli tarixçi, professor İlber Ortaylı da var.

Bəzən bir mükafatın əsl dəyəri onun qızıldan hazırlanmasında deyil, daşıdığı adın mənəvi ucalığında və təqdim edildiyi şəxsiyyətin böyüklüyündədir.

Əhməd Cavad Qızıl Medalının Fərhad Bədəlbəyliyə təqdim olunması da məhz belə bir hadisədir. Bu təltif yalnız böyük sənətkarın xidmətlərinə verilən qiymət deyil, həm də Azərbaycan istiqlal düşüncəsi ilə milli mədəniyyətimizin qüdrətini bir araya gətirən mənəvi hadisədir.

Əhməd Cavad Azərbaycan tarixində yalnız böyük şair kimi deyil, milli azadlıq idealının, istiqlal əqidəsinin və mənəvi ləyaqətin əyilməz təmsilçisi kimi yaşayır. Onun poeziyasında Vətən uğrunda yaşamağa, mübarizə aparmağa və ən ağır məhrumiyyətlərə sinə gərməyə dəyən müqəddəs bir amal idi.

O, bu amala sədaqətini öz həyatı ilə təsdiqlədi. Totalitar repressiyanın qurbanına çevrilsə də, nə adı, nə sözü, nə də istiqlal ruhu millətin yaddaşından silindi.

Əhməd Cavadın faciəli taleyi bir insanın ömür hekayəsi, onun mənəvi irsi isə bütöv bir millətin azadlıq yaddaşıdır.

Məhz bu böyük şəxsiyyətin xatirəsini yaşatmaq məqsədilə təsis olunan medalın bu gün Fərhad Bədəlbəyliyə verilməsi xüsusi rəmzi məna daşıyır.

Fərhad Bədəlbəyli Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında tanınmasına əvəzsiz töhfələr vermiş, parlaq ifaçılıq sənəti, pedaqoji fəaliyyəti və yüksək ziyalı mövqeyi ilə xalqımızın dərin hörmətini qazanmış sənətkardır.

Onun adı təkcə mötəbər konsert salonları və beynəlxalq səhnələrlə deyil, həm də Azərbaycan musiqi məktəbinin inkişafı, yeni sənətkar nəsillərinin yetişməsi və milli mədəni irsimizin qorunması ilə bağlıdır.

Fərhad müəllimin şəxsiyyətində istedadla zəhmət, sənətkarlıqla ziyalılıq, milli köklərə sədaqətlə ümumbəşəri mədəniyyətə açıqlıq vəhdət təşkil edir.

Burada gözəl bir mənəvi paralellik yaranır:

Əhməd Cavad millətinin azadlıq ruhunu sözə çevirdi, Fərhad Bədəlbəyli isə onun zəngin mənəvi dünyasını musiqinin dili ilə dünyaya çatdırdı.

Biri istiqlalımızın poetik yaddaşında, digəri musiqi mədəniyyətimizin zirvələrində özünəməxsus yer qazandı. Onları birləşdirən isə Vətənə, milli dəyərlərə və mənsub olduqları xalqın mənəvi irsinə sədaqətdir.

Böyük poeziya millətin ruhunu sözlə əbədiləşdirir, böyük musiqi isə həmin ruhu bütün bəşəriyyətə eşitdirir.

Bu mənada, Əhməd Cavad Qızıl Medalının Fərhad Bədəlbəyliyə təqdim edilməsi iki böyük mənəvi dəyərin — istiqlal yaddaşımızla sənət qüdrətimizin rəmzi qovuşmasıdır.

Əhməd Cavadın adını daşıyan bu mükafatın təsis olunmasına və onun mənəvi irsinin Türk Dünyasında yaşadılmasına görə professor Düsen Kaseinovun təşəbbüsünü, eləcə də TÜRKSOY-un fəaliyyətini xüsusi qeyd etmək lazımdır.

Böyük şəxsiyyətlər zamanın fövqündə yaşayırlar. Onların biri millətinə ölməz söz, digəri ölməz sənət bəxş edir. Zaman keçir, nəsillər dəyişir, lakin o söz də, o sənət də xalqın mənəvi sərvəti olaraq qalır.

Firuzə Mahmudova
Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью