Fərid Babayev: “Yerli oyunçulara imkan verməsək, özlərini necə sübut edərlər?”

19.11.2026

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

2026/2027-ci illər mövsümündə Azərbaycan futzalında bir sıra yeniliklər tətbiq olunacaq. Komandaların sayının artırılması, legioner limitinin müəyyənləşdirilməsi və U-19 liqasının yaradılması yeni mövsümün əsas dəyişiklikləri sırasındadır. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın Futzal və Çimərlik Futbolu Departamentinin rəhbəri Fərid Babayev jurnalistlərə açıqlamasında bildirib.

O, yeni mövsümün Azərbaycan futzalı üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

"2026/2027-ci illər mövsümü bizim üçün çox vacibdir. Bir sıra yeniliklər etmişik. Legioner limiti tətbiq olunacaq, U-19 liqası yaradılıb və komandaların sayı artırılıb. İnanıram ki, rəqabətli mühit formalaşacaq. Bu da futzalçılarımızın inkişafına müsbət təsir göstərəcək. Legioner limitinin tətbiqi yerli oyunçulara daha çox oyun praktikası qazanmaq imkanı verəcək. Nəticədə milli komandamızın da inkişafına töhfə olacaq".

Fərid Babayev yeni mövsümdə komandaların heyətində çıxış edəcək futzalçıların lisenziyalaşdırılması məsələsinə də aydınlıq gətirib. O bildirib ki, bütün oyunçular AFFA-nın müvafiq sisteminə daxil edilib və lisenziyası olmayan futzalçının rəsmi oyunda iştirakına icazə verilmir.

Departament rəhbəri heyətlərdə həm peşəkar, həm də həvəskar futzalçıların yer alacağını qeyd edib. Onun sözlərinə görə, əsas hədəflərdən biri həvəskar oyunçuları inkişaf etdirərək peşəkar səviyyəyə çatdırmaqdır.

Yeni mövsümdə tətbiq ediləcək legioner limiti ilə bağlı danışan Babayev komandaların meydanda eyni vaxtda iki yerli və üç əcnəbi futzalçı ilə təmsil oluna biləcəyini bildirib. Lakin üç legionerdən biri mütləq qapıçı olmalıdır. Əks halda, meydanda üç əcnəbi futzalçının iştirakı mümkün olmayacaq.

O, bu qaydanın tətbiqində əsas məqsədlərdən birinin ölkədə qapıçı çatışmazlığını nəzərə almaq və klubların çətinlik yaşamamasını təmin etmək olduğunu vurğulayıb. Gələcək mövsümlərdə limitin 3+2 formatında dəyişdirilməsi də istisna olunmur.

Milli komandada legioner və milliləşdirilmiş futzalçıların iştirakı məsələsinə gəlincə, Fərid Babayev hazırda əsas diqqətin yerli oyunçuların inkişafına yönəldildiyini bildirib.

Azərbaycan millisinin əvvəlki illərdəki mövqeyini itirməsi və bu istiqamətdə atılacaq addımlarla bağlı danışan departament rəhbəri əcnəbi məşqçi gətirilməsinə heç bir məhdudiyyət olmadığını qeyd edib. Bununla belə, yerli məşqçilərə güvəndiklərini və onların rəhbərliyi altında uğurlu nəticələr əldə edə biləcəklərinə inandıqlarını deyib.

"Əcnəbi oyunçuların təcrübəsi ola bilər, yaxşı çıxış edə bilərlər. Amma niyə özümüzdən olan futzalçılarla bunu bacarmayaq? Yerli oyunçulara imkan verməsək, onlar özlərini meydanda necə sübut edə bilərlər? Nə qədər gözləməliyik?", – deyə o bildirib.

Fərid Babayev Premyer Liqa klublarının futzal çempionatında iştirakı ilə bağlı məsələyə də toxunub. O bildirib ki, bütün klublara müraciət ünvanlanıb və onlardan cavab alınıb. Hazırda "Araz-Naxçıvan", "Neftçi" və "İmişli" çempionatda təmsil olunur. Digər klublar isə növbəti mövsümdən yarışa qoşulmağı planlaşdırdıqlarını bildiriblər.

Departament rəhbəri klubların çempionatda iştirakının məcburi xarakter daşımadığını, gələcəkdə onların öz təşəbbüsləri ilə yarışa qoşulacağına inandığını söyləyib. O, futzalın böyük futbol üçün də mühüm baza rolunu oynaya biləcəyini vurğulayıb.

Millinin əvvəlki səviyyəsinə qayıtması üçün nəzərdə tutulan vaxtla bağlı suala cavabında Babayev konkret müddət açıqlamayıb. Bununla belə, nəticələri əldə etmək üçün 10-15 il gözləmək niyyətində olmadıqlarını və dəyişikliklərin bəhrəsini mümkün qədər tez görmək istədiklərini bildirib.

Mini-futbolun futzala təsiri ilə bağlı fikirlərini də bölüşən Fərid Babayev Azərbaycan bayrağını beynəlxalq arenada təmsil edən bütün klublara və idman növlərinə hörmətlə yanaşdıqlarını qeyd edib. Onun sözlərinə görə, mini-futbolda çıxış edən bəzi oyunçuların gələcəkdə futzal klublarına keçidi də mümkündür.

Həmçinin əsasnaməyə edilən dəyişikliklərdən sonra peşəkar müqaviləsi olan futbolçuların həm böyük futbolda, həm də futzalda çıxış etməsinə icazə verildiyi diqqətə çatdırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью