Fərid Hüseyn: Gənclərin mədəni və ictimai fəallığı milli dəyərlərin təbliğində önəm daşıyır

02.02.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 fevral, AZƏRTAC

Gənclərimizin mədəni və ictimai həyatda fəallığı sevindiricidir. Demək olar ki, elə bir sahə yoxdur ki, gənclər orada təmsil olunmasın. Xüsusilə son illərdə ölkəmizdə həyata keçirilən kadr islahatları gənclərə etimadın artırılması və onların təmsilçiliyinə inamın bariz göstəricisi kimi diqqət çəkir.

Bunu AZƏRTAC-a açıqlamasında tanınmış gənc şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn bildirib.

O vurğulayıb ki, uzun illər ərzində həyata keçirilən milli dəyərlərimizin təbliği ilə bağlı mədəniyyət və təhsil proqramları özünü doğruldub və vətənpərvər, Azərbaycanı tanıtmaq məqsədini daşıyan çoxsaylı gənclərin fəaliyyətinə zəmin yaradıb.

“Milli dəyərlərin təbliği sadəcə şüarçılıqdan ibarət olmamalıdır. Hər hansı yönləndirmə və istiqamətvermə təbii şəkildə, xalqın mənəvi-psixoloji durumuna uyğun həyata keçirilməli və mövsümi xarakter daşımamalıdır. Çünki vətənpərvərlik ötəri bir duyğu deyil, milli ruhu canlı saxlayan mənəvi sütunların qorunması vacibdir. Bu baxımdan gənc ədiblərimizin də qələmləri daim bu istiqamətdə kəsərli olmalıdır. Gənclərin qarşısında duran əsas çağırışlar isə Azərbaycan dövlətini və torpağını qorumaq, dünyaya açıq olmaq və öz sahələrində peşəkarlığın ən yüksək səviyyəsinə yüksəlməkdir”, - deyə Fərid Hüseyn deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью