Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
"Süni intellekt insanları rutin işlərdən azad edərək məhsuldarlığı artıracaq"
Bakıvaxtı.az xəbər verir ki, bunu “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində keçirilən panel müzakirəsində “PAŞA Maliyyə Holdinq”in baş icraçı direktoru Fərid Məmmədov bildirib.
O qeyd edib ki, müasir dövrdə biliklərə çıxış imkanları genişlənib, lakin əsas məsələ əldə olunan bilik və məlumatlardan düzgün istifadə etmək, onlar əsasında düşünmək və qərar vermək bacarığıdır.
F.Məmmədovun sözlərinə görə, bunun üçün insan kapitalının inkişafına və kadrların hazırlanmasına daha çox investisiya qoyulmalıdır.
“Orta istedad səviyyəsi daha yüksək olacaq. Bu gün ağıllı və istedadlı hesab etdiyimiz insanlar gələcəkdə orta səviyyə hesab edilə bilərlər. Lakin insanların həmin səviyyəyə çatması üçün onların inkişafına və təliminə ciddi diqqət yetirməliyik”, – deyə o bildirib.
Baş icraçı direktor vurğulayıb ki, süni intellekt və rəqəmsallaşma insanların gündəlik rutin işlərdən azad olaraq daha çox dəyər yaradan fəaliyyətlərə fokuslanmasına imkan verə bilər.
O əlavə edib ki, işçilərin daha bilikli və məhsuldar olması, rutin tapşırıqlardan azad edilməsi innovasiya imkanlarını da artırır:
“Bu, proseslərdə mərhələli innovasiyalar ola bilər. Eyni zamanda, yeni biznes istiqamətlərinin və yeni fəaliyyət kanallarının yaradılması da mümkündür”.
F.Məmmədov bildirib ki, yeni texnologiyalar, işin yeni üsulları və daha bilikli insanların bir araya gəlməsi artıq təşkilatlarda yeni və innovativ imkanlar yaradır.
“Bu, birinin digərini əvəz etməsi məsələsi deyil. Əslində, bunların hamısı birlikdə baş verir. Bütün bunlara başlamazdan əvvəl insanlara bilikləri necə əldə etməyi və mövcud biliklərdən necə istifadə etməyi öyrətmək lazımdır”, – deyə o qeyd edib.
Günəş Mərd