Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 16 sentyabr, AZƏRTAC
Bəzi ekspertlər Orta Dəhlizin ənənəvi “Şimal” və dəniz marşrutlarını əvəz edə bilməyəcəyini bildirirlər. Lakin dəhlizin məqsədi bu marşrutları əvəz etmək deyil. Onun əsas rolu, xüsusilə böhran zamanı alternativ nəqliyyat imkanları yaratmaqdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” çərçivəsində keçirilən “Orta Dəhliz regional inteqrasiyanın və infrastruktur əsaslı inkişafın katalizatoru kimi” panelində çıxışı zamanı deyib.
O, Azərbaycanın neft-qaz sektorunun inkişafının başlanğıcında mövcud olan skeptik yanaşmaları xatırladıb. Qeyd edib ki, böhranlar bazara əlavə 1-2 faiz neft tədarükünün belə mühüm əhəmiyyət daşıdığını göstərib.
“Hazırda Azərbaycanın Avropanın ayrı-ayrı bazarlarına qaz tədarükü də enerji təhlükəsizliyinə töhfə verir. Orta Dəhliz üzrə də yükdaşımalar artıb. Xəzər dənizi üzərindən yük daşımalarının həcmi 2023-cü ildəki 2,76 milyon tondan 2025-ci ildə 4,1 milyon tona yüksəlib. 2026-cı ilin ilk yeddi ayında isə Orta Dəhliz üzrə tranzit konteynerlərin həcmi 26 min TEU təşkil edib ki, bu da 50 faiz artım deməkdir. Dəhlizin səmərəliliyi təkcə infrastruktur imkanlarından deyil, sərhədlərdən keçid prosesinin sürətindən də asılıdır”, - deyə Fərid Şəfiyev vurğulayıb.
Mərkəz sədri Türk Dövlətləri Təşkilatının 15 may 2026-cı ildə keçirilmiş qeyri-formal Zirvə görüşündə qəbul edilən Türküstan Bəyannaməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, sənəddə “e-Permit” sisteminin tam fəaliyyətə başlaması və milli “vahid pəncərə” sistemlərinin inteqrasiyası dəstəklənib: “Bu addımlar sərhədlərarası sənədləşməni sadələşdirməyə, inzibati maneələri azaltmağa və yüklərin real vaxtda izlənilməsinə imkan verəcək”.
Müxbirlər- Pərvanə Qafarova, Elmir Səftərov
Fotoqraf- Tofiq Babayev