Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fermerlərin müflisləşməsinin qarşısını almaq üçün dövlət tərəfindən istehsal xərclərini qarşılayan və minimum gəlirliliyi təmin edən qiymət mexanizminin yaradılması təklif olunub.
Deputat Əli Məsimli Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı bu barədə danışıb. Deputat bildirib ki, qiymətlərin iki dəfəyə qədər aşağı düşməsi və zərərvericilərin təsərrüfatlara vurduğu ziyan fermerləri narahat edir. Onun sözlərinə görə, qiymətlərin azalması fonunda istehsal xərclərinin artması bəzi təsərrüfatların gəlirsiz qalmasına səbəb olur.
“Elə təsərrüfatlar var ki, ümumiyyətlə gəlir götürmür, yaxud çox kiçik gəlir əldə edir. Bu da ailə təsərrüfatlarının gəlirlərinə mənfi təsir göstərir”, – Əli Məsimli deyib. O, xüsusilə qiymətlərin aşağı olduğu illərdə fermerlərin müflisləşməsinin qarşısını alan mexanizmlərin qanunvericilikdə nəzərdə tutulmasını vacib sayıb. Deputat ötən həftə mütəxəssis və fermerlərlə görüşlərdə irəli sürülən ideyalar əsasında müvafiq dəyişikliklərin hazırlanmasını məqsədəuyğun hesab edib.
Bəs fermerlərin istehsal xərclərini qarşılayan və minimum gəlirliliyi təmin edən qiymət mexanizminin yaradılması praktik olaraq necə həyata keçirilə bilər?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, fermerlərin müflisləşməsinin qarşısını almaq üçün yalnız məhsul yığıldıqdan sonra maliyyə yardımı göstərmək kifayət deyil:
"Əsas problem fermerin məhsulu istehsal etdiyi vaxt çəkdiyi xərclərlə satış zamanı əldə etdiyi gəlir arasında yaranan fərqdir.
Toxum, gübrə, dərman, suvarma, yanacaq, texnika, əməkhaqqı və digər xərclər artır, lakin məhsulun bazar qiyməti aşağı düşəndə fermer hətta yaxşı məhsul əldə etsə belə, mənfəət götürə bilmir. Bu baxımdan, istehsal xərclərini və müəyyən minimum gəlirliliyi nəzərə alan qiymət mexanizminin yaradılması fermer üçün müəyyən təminat yarada bilər.
Lakin dövlətin bütün kənd təsərrüfatı məhsullarına sabit qiymət müəyyənləşdirməsi bazar mexanizmlərini poza və artıq istehsala səbəb ola bilər. Ona görə daha məqsədəuyğun yanaşma bazar qiymətinin kəskin aşağı düşdüyü dövrlərdə fermerin gəlir itkisini qismən kompensasiya edən mexanizmlərin tətbiqidir".
Onun sözlərinə görə, dəstəyin istehsalın ilkin mərhələsində göstərilməsi də vacibdir: "Fermer əkinə başlamazdan əvvəl maliyyə imkanlarına malik olarsa, keyfiyyətli toxum, gübrə və bitki mühafizə vasitələri ala, suvarma və digər texnoloji tədbirləri vaxtında həyata keçirə bilər. Bu isə məhsuldarlığı və məhsulun keyfiyyətini yüksəldə bilər.
Digər tərəfdən, fermerin əsas problemi təkcə istehsal deyil, məhsulun satışıdır. Məhsul bol olduğu vaxt qiymət kəskin aşağı düşürsə, fermerin çəkdiyi xərc geri qayıtmır. Buna görə dövlət dəstəyi ilə yanaşı, saxlama anbarlarının, soyuducu məntəqələrin, emal müəssisələrinin və kooperativlərin inkişafı da vacibdir. Fermer məhsulu dərhal ucuz qiymətə satmaq məcburiyyətində qalmamalıdır".
Ekspert qeyd edib ki, ən vacib məsələ dəstəyin məhsulun həcminə deyil, real istehsal xərclərinə, məhsuldarlığa və fermerin gəlir itkisinə uyğun hesablanmasıdır: "Belə mexanizm həm fermerin müflisləşmə riskini azalda, həm də kənd təsərrüfatında istehsalın davamlılığını təmin edə bilər".
Gülər Həsənli
"Cebheinfo.az"
Açar sözlər: fermerlər Akif Nəsirli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin