Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda örüş torpaqlarının qanunsuz zəbt edilməsi heyvandarlıqda xərclərin artmasına, fermerlərin otlaq imkanlarının məhdudlaşmasına və ət-süd istehsalının maya dəyərinin yüksəlməsinə səbəb olur.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakupost”a bildirib ki, cari ilin ilk doqquz ayında 2 565 hektar torpaq sahəsi ilə bağlı bələdiyyə qərarları ləğv edilib. Həmin ərazilərin 2 040 hektarı örüş torpaqlarıdır. İqtisadçı qeyd edib ki, Azərbaycanda 400 min hektardan çox örüş sahəsinin qanunsuz zəbt edildiyi barədə məlumatlar varsa, bu rəqəm rəsmi mənbələrlə dəqiqləşdirilməlidir.
Onun sözlərinə görə, örüş sahələri heyvandarlığın əsas istehsal resurslarından biridir. Bu torpaqların zəbt edilməsi fermerləri əlavə yem almağa məcbur edir və istehsal xərclərini artırır. Xüsusilə kiçik və orta fermer təsərrüfatları bundan ciddi zərər görür. Ümumi istifadədə olan otlaq sahələrinin azalması fermerlər arasında bərabərsizliyi dərinləşdirə, bəzi təsərrüfatların fəaliyyətini dayandırmasına səbəb ola bilər.
Akif Nəsirli hesab edir ki, torpaqayırma qərarlarının ləğv edilməsi və sahələrin bələdiyyə mülkiyyətinə qaytarılması problemin həlli üçün kifayət deyil. Torpaqların faktiki olaraq kimlərin istifadəsində olduğu müəyyənləşdirilməli, qanunsuz zəbt edilmiş ərazilər geri alınmalı və onların təyinatı üzrə istifadəsinə nəzarət gücləndirilməlidir. Əks halda, qərarların ləğvi formal xarakter daşıya bilər.
İqtisadçı torpaqların inventarlaşdırılmasını, sərhədlərinin elektron xəritələrdə dəqiqləşdirilməsini, peyk görüntüləri ilə monitorinqin və yerində yoxlamaların genişləndirilməsini vacib sayır. Onun fikrincə, bələdiyyələrin torpaqayırma qərarları, icarə müqavilələri, sahələrin ölçüsü, istifadəçiləri və icarə haqları ictimaiyyət üçün açıq olmalıdır. İcarə haqqı müəyyən edilərkən torpağın yerləşdiyi ərazi, keyfiyyəti, məhsuldarlığı və istifadə imkanları nəzərə alınmalı, əsassız güzəştlərin qarşısı alınmalıdır.
Akif Nəsirli vurğulayıb ki, əgər 400 min hektardan çox örüş torpağının qanunsuz zəbt edilməsi barədə məlumat təsdiqlənərsə, problemə sistemli yanaşılmalıdır. Hər rayon və kənd üzrə örüş torpaqlarının ümumi sahəsi, qanuni istifadəçiləri, zəbt olunmuş və geri qaytarılmış ərazilər barədə açıq məlumat bazası yaradılmalıdır. Qanunsuz torpaqayırma qərarlarına imza atan və vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslərin məsuliyyəti də təmin edilməlidir.
İqtisadçının sözlərinə görə, əsas məqsəd torpaqları yalnız bələdiyyələrin balansına qaytarmaq deyil, fermerlərin onlardan qanuni, şəffaf və ədalətli şərtlərlə istifadə etməsini təmin etməkdir. Bu, heyvandarlığın davamlılığı, ərzaq istehsalı və kənd əhalisinin dolanışığı baxımından əhəmiyyətlidir.
Vüsalə Hüseynova,
BakuPost