Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Artıq kənd təsərrüfatı məhsullarının da mərhələli şəkildə sistemdə qeydiyyata alınması nəzərdə tutulur. Məsələn, hər hansı fermerin və ya kəndlinin məhsulunda xəstəlik aşkarlanarsa və həmin məhsul digər məhsullarla birlikdə bazara çıxarılarsa, bu, istehlakçılar üçün ciddi problemlər yarada bilər. Buna görə də bütün proseslərin sistemləşdirilməsinə ehtiyac var".
Bu fikirləri Redaktor.az-a iqtisadçı Günay Hüseynova səsləndirdi.
O qeyd etdi ki, bu çərçivədə iri və xırdabuynuzlu heyvanların da qeydiyyatı aparılacaq:
"Məsələn, hansısa fermer bazara 50 litr süd çıxarırsa, həmin məhsulun sağım tarixi, son istifadə müddəti və digər məlumatlar sistemdə əks olunacaq. Eyni zamanda elektron bazada həmin şəxsin adı, soyadı, yaşadığı rayon və kənd, eləcə də neçə baş iribuynuzlu və xırdabuynuzlu heyvana malik olduğu barədə məlumatlar da qeydiyyata alınacaq. Bu yanaşma əkinçilik sahəsinə də şamil ediləcək. Əkin prosesindən başlayaraq məhsulun əldə olunmasına qədər bütün mərhələlər sistemdə qeydiyyata alınacaq. Subsidiya mexanizmində də bununla bağlı müəyyən dəyişikliklərin olacağı gözlənilir".
Müsahibimiz qeyd etdi ki, etiketlənmə prosesi bazarda qiymət artımına səbəb olmayacaq:
"Bu proses daha çox məhsulların kateqoriyalaşdırılması və izlənilməsi məqsədi daşıyır. Məlumdur ki, kənd təsərrüfatı məhsulları, xüsusilə də ağartı məhsulları tez xarab olur. Yay aylarında bu məhsullara tələbat nisbətən artır. Belə bir dövrdə qiymət artımı tələbin azalmasına səbəb ola bilər. Əslində, bu kimi hallarda kəndlilər daha uzun müddət saxlanıla bilən pendir və yağ kimi məhsulların istehsalına üstünlük verirlər. Bu isə bazarda digər ağartı məhsulları üzrə tələb-təklif balansının pozulmasına səbəb ola bilər".
Xədicə BAXIŞLI