Icma.az, Konkret.az saytına istinadən bildirir.
Qış fəslinin son ayı hesab olunan fevral adətən dəyişkən hava, temperatur dalğalanmaları, eləcə də qar və şaxta ilə müşayiət olunur. Xüsusilə, son illərdə müşahidə edilən kəskin hava dəyişiklikləri fonunda bu il fevralda güclü qar yağışı, boran və sərt şaxta ehtimalı vətəndaşları narahat edən əsas məsələlərdəndir. Maraqlıdır, Bakı və Abşeronda fevral ayı sərt qış günləri ilə yadda qalacaqmı?
Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, uzunmüddətli hava proqnozlarına əsasən, Bakı və Abşeron yarımadasında fevral ayı ərzində dəyişkən hava şəraiti müşahidə olunacaq.
“Ayın əvvəli nisbətən mülayim və sabit hava ilə başlayacaq. Cənub küləkləri üstünlük təşkil edəcəyi üçün qar ehtimalı çox aşağıdır, əsasən yağmursuz hava gözlənilir. Fevral ayının ikinci ongünlüyü (11–20 fevral) ən dəyişkən və soyuq mərhələ hesab olunur. Bakıda şimal-qərb küləklərinin (Xəzri) güclənməsi ilə kəskin soyuqlar gözlənilir. Bu ongünlüyün ortalarından etibarən (təxminən 14-18 fevral arası) yağıntıların əvvəlcə sulu qara, sonra isə qara keçmə ehtimalı yüksəkdir. Şəhərin hündür ərazilərində (Yeni Günəşli, Yasamal, Badamdar) qar örtüyünün yaranması mümkündür”.
C.Hüseynov qeyd edir ki, Fevralın son ongünlüyündə “yalançı bahar” və soyuq dalğaların mübarizəsi müşahidə olunur.
“Havanın temperaturlarında tərəddüdlər gözlənilir. Bir neçə gün temperaturun 15°C-dək yüksəlməsi, ardınca isə qısamüddətli yağışlı və soyuq küləkli hava dalğası ehtimal olunur. Qar yağma ehtimalı nisbətən azdır”.
Aynurə İsmayıl
KONKRET.az
