Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində “Heydər Əliyev və milli dövlətçilik təfəkkürü” mövzusunda tədbir keçirilib.
FHN-dən APA-ya verilən xəbərə görə, tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2025-ci ilin elan olunduğu “Konstitusiya və Suverenlik İli” çərçivəsində nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşəbbüsü, Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Bildirilib ki, tədbirdə Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev, Nazirliyin müvafiq strukturlarının əməkdaşları, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə şəhər Ağsaqqallar şurasının sədri professor Nurəddin Məmmədov iştirak ediblər.
Əvvəlcə, tədbir iştirakçıları Gəncə Regional Mərkəzinin həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Ümummilli Liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov giriş sözündə Ulu Öndərin mənalı həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib.
E.Məhərrəmov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin adı milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb.