Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fövqəladə Hallar Nazirliyinin strukturlarında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Anım mərasimlərində, əvvəlcə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edənlər 1990-cı ilin 20 yanvar hadisəsini Azərbaycan xalqının böyük faciəsi adlandırmaqla yanaşı, tariximizin qəhrəmanlıq səhifəsi olduğunu da diqqətə çatdırıblar.
Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusunun və xüsusi təyinatlı birləşmələrinin, habelə daxili qoşunların kontingentinin Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarına yeridilməsi nəticəsində dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı amansız qırğınlar törədilib.
Hərbi təcavüz nəticəsində 150 dinc sakin həlak olub, 744 nəfər ağır yaralanıb, 4 nəfər isə itkin düşüb.
Qeyd olunub ki, xalqımızın o ağır günlərində faciədən dərhal sonra – yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev burada beynəlxalq media nümayəndələri üçün mətbuat konfransı keçirərək dünya ictimaiyyətini baş vermiş bəşəri cinayət barədə məlumatlandırıb, törədilmiş amansız qırğını kəskin şəkildə pisləyərək, faciəyə siyasi-hüquqi qiymət verilməsini tələb edib.