Fidan Hacıyeva Naxçıvanda Fotolar

24.10.2026

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Xalq artisti Fidan Hacıyevanın iştirakı ilə konsert proqramı təqdim olunub. Konsert “Şərqin qapısında” III Beynəlxalq Opera Festivalı çərçivəsində keçirilib.

Axşam.az  xəbər verir ki, musiqili gecədə Azərbaycan və dünya bəstəkarlarının klassik əsərləri səsləndirilib, opera və vokal sənətinin zənginliyi tamaşaçılara təqdim olunub.

Konsert Cahangir Cahangirovun “Füzuli kantatası” əsəri ilə başlayıb. Fidan Hacıyevanın çıxışı Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestrinin müşayiəti ilə təqdim olunub. Orkestrin bədii rəhbəri və dirijoru Prezident mükafatçısı Cahangir Qurbanov olub.

Proqram çərçivəsində Fidan Hacıyeva Üzeyir Hacıbəylinin “Sevgili canan” əsərini, “Arşın mal alan” operettasından “Asiyanın mahnısı”nı, Niyazi Tağızadə-Hacıbəyovun “Arzu”, Nazim Quliyevin “Dağlar küsüb” və Fikrət Əmirovun “Dilbərin mahnısı” əsərlərini ifa edib. Sənətkarın ifasında Jorj Bizenin “Karmen” operasından “Habanera” da səslənib.

Konsert proqramında Naxçıvan Dövlət Filarmoniyasının solistləri də çıxış ediblər. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyev Cahangir Cahangirovun “Aylı gecə” və Tofiq Quliyevin “Azərbaycan” mahnılarını, Əməkdar artist Gülyanaq Fərzəliyeva isə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını ifa edib.

Emin Hüseynov Qara Qarayev və Cövdət Hacıyevin “Vətən” operasından Mərdanın ariyasını, Prezident mükafatçısı İlkin Abdullayev isə Cakomo Puççininin “Turandot” operasından “Nessun dorma” ariyasını təqdim edib.

Konsertdə Xalq artisti Fidan Hacıyeva Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarları Rəsmiyyə Xəlilova və Küsvər Əliyeva ilə birlikdə “Gözəlim yar, gözəlim” əsərini də ifa edib.

Fidan Hacıyeva və İlkin Abdullayevin birgə ifasında “Arşın mal alan” operettasından Gülçöhrə və Əsgərin dueti səslənib. Gecənin sonunda bütün solistlər Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa ediblər.

Müxtəlif bəstəkarların əsərlərinin səsləndirildiyi konsert milli musiqi irsimizin zənginliyini və dünya opera sənətinin gözəlliklərini nümayiş etdirib.

Konsert proqramının sonunda “Şərqin qapısında” III Beynəlxalq Opera Festivalının iştirakçılarına sertifikatlar təqdim olunub. 

Konsertdən sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fazil Məmmədov Xalq artisti Fidan Hacıyevanı uğurlu konsert proqramı münasibətilə təbrik edib, ona gələcək sənət fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayıb.

Qeyd edək ki, “Şərqin qapısında” III Beynəlxalq Opera Festivalının dekabrın 7-dək Bakı şəhərində, Azərbaycanın digər bölgələrində və xarici ölkələrdə keçirilməsi nəzərdə tutulub. Xalq artisti Fidan Hacıyevanın təşəbbüsü ilə təşkil olunan festival opera sənətinin təbliği, gənc vokal ifaçılarının dəstəklənməsi və klassik musiqinin daha geniş auditoriyaya çatdırılması məqsədi daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью